
"Qarabağ" Misli Premyer Liqasının V turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"ı 5:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Çempionatın gedişatında hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda çox yaxşı, çox bərk kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Rəqib qırmızı vərəqə ilə cəzalandırıldı, penalti vurmaq hüququ qazandıq. Sanki bunlar işimizi bir az da asanlaşdırdı. "Araz-Naxçıvan"ın çox təhlükəli hücum xətti var. Hansı ki, istənilən an qapında qol görə bilərsən. Futbolçularım bəzi anlarda diqqətsizlik etdilər. Ancaq ümumi olaraq, oyunun gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Ən azından stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək oldular. Elmar Baxşıyev və komandasına uğurlar arzulayıram".
- Ramil Şeydayevi nə vaxt meydanlarda görəcəyik? İdman forması sizi nə dərəcədə razı salır?
- Məncə, yaxın zamanlarda. Qarşıdakı matçlarda yavaş-yavaş meydana buraxa bilərik. Son vaxtlarda fərdi məşqlər edirdi. Ancaq çempionatın başlamasına qədər, komandası ilə yaxşı hazırlıq keçmişdi.
- Qazonu və "Araz-Naxçıvan"ın futbolçularının sərt oynadığını nəzərə alsaq, əsas futbolçuları qorumaq baxımından ehtiyat edirdiz?
- Rotasiyalar etdik. Sadəcə olaraq, öz planımız üzrə gedirdik. Bəzi meydançalara baxanda, bu gün oynadığımız daha yaxşı idi, daha rahat oynayırdılar. İlk hissədə meydança sanki daha quru idi, su yox idi, vurulmamışdı. Bəlkə də əvvəlcədən vurulmuşdu, küləyə görə qurumuşdu. Fasilədə meydança sulandı və ikinci hissə topla davranmaq daha rahat oldu. Zədə məsələsinə gəldikdə, bu barədə düşünəndə, bəlkə insanın başına daha çox belə hadisə gəlir. Oyunun gedişatına görə addımlar atdıq.
- Marko Yankoviç uzun müddətə sıradan çıxdı. Kadi Borgesin yenidən o mövqedə oynayacağını düşünmək olar?
- Ehtimal var. Amma qarşıdakı matçda da baxacağıq. Kris Kuaku, Pedro Bikalyoya da baxacağıq. Görək hansı idman formasında olacaqlar. Rəqibi də tam analiz etdikdən sonra ona uyğun addım atacağıq.