Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"
22.07.2025 - 22:51
Qurban Qurbanov: "Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür"

"Şelburn" bəzi göstəricilərə görə bizdən üstündür".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib:

"Rəqib artıq Çempionlar Liqasında iki görüş keçirib. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik. Klub olaraq öz işimizə məsuliyyətli yanaşırıq. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, qazanılan uğur hər il ən azı təkrarlanmalıdır. Həmişə istəkli kollektivimizin olmasına çalışmışıq. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruyub saxlaya bilmişik. Əlbəttə ki, problemlər olur, bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Amma 11 il qrup mərhələlərində oynamağı böyük uğur hesab edirik”.

Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.