Qyoko Hacıyevski: “Santuş nəticə verə bilmirsə, başqa işlərdə...”
25.06.2025 - 11:16
Qyoko Hacıyevski: “Santuş nəticə verə bilmirsə, başqa işlərdə...”

“Əgər AFFA Fernandu Santuşa dünya çempionatının seçmə mərhələsində şans versə, demək ki, ona inanırlar".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan yığma komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevski deyib.

Şimali makedoniyalı mütəxəssis millimizin hazırkı durumuna aydınlıq gətirib: "Əslində, ola bilər ki, qələbə qazana bilmirsiz, amma Santuş təcrübəli məşqçidir, seçmə mərhələ oyunlarının nə olduğunu yaxşı bilir. Azərbaycanlı futbolçuları da artıq daha da yaxşı və yaxından tanıyır. Santuş böyük addır. Ona yeni tsikldə də inanmaq lazımdır ki, necə olacağını görəcəksiniz. Əgər o nəticə verə bilmirsə, başqa işlərdə Azərbaycan futboluna kömək ola bilər. Məsələn, Azərbaycan millisi üçün yeni konsept hazırlaya bilər. Gənc oyunçuları milliyə cəlb edib, onlarla yeni proqres əldə edə bilər. Hər halda, məhz yeni heyətlə qarşıdakı 3-4 ildə daha yaxşı nəticə mümkündür. Bildiyim qədərilə, bu cür də edir, gənc futbolçuları milliyə cəlb etməyi üstün tutur. Bilirsiz, Santuş güclü məşqçidir. Bir məsələ var ki, indiki futbolçuları birdən-birə dəyişə bilməz axı. Millidə elə indi oynayanlar bəlli futbolçulardır. Legioner həyatı yaşayan çox futbolçu yoxdur. Bu da əsas məsələlərdən biridir. Xatırlayırsızsa, bu haqda da dəfələrlə fikrimi bildirmişəm. Santuş nəticə verməsə belə, bir neçə ildən sonra effekt verən milli üçün özək yarada bilər. Bilmirəm, o olacaq, yoxsa başqasını gətirəcəklər... Santuşun təcrübəsindən istifadə etmək lazımdır. Azərbaycan futbolunda reformlar lazım olduğunu dəfələrlə bildirmişəm. Eşitmişəm ki, Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq edilməyəcək. Premyer Liqanın səviyyəsi yüksələcək. Amma təbii ki, klubların büdcəsi yüksələcəksə, daha yaxşı legionerlər transfer olunacaq, bunu görə bilərik. Bu mənada, indi Santuş məsələsində gözləmək lazımdır. Başqa qərar vermək lazım deyil. Səbirli olmağa ehtiyac var. Seçmə mərhələdə Fransa ilə oynayırlar, ya başqası ilə, fərqi yoxdur. Əsas olan milli komanda matçdan-matça, gündən-günə yüksəlişə keçsin. İndi nəticə olmaya bilər, amma düzgün iş qurulursa, gələcəkdə hər şey daha yaxşı ola bilər”.