
Azərbaycan milli komandasının sabiq hücumçusu Ruslan Qurbanov Apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi Fransa və Ukraynaya qarşı oynadı. Hər iki matçda da uduzduq. Bu görüşlərdə millinin performansını necə dəyərləndirirsən?
- Milli komanda hər iki oyunda layiqli mübarizə apardı, sona qədər çalışdı. Təəssüf ki, xal qazana bilmədilər. Amma Ayxan müəllimin işi, orada olması dərhal hiss edilir. Ona sadəcə vaxt vermək lazımdır. Hər şey yaxşı olacaq. Zamanla görəcəksiniz.
- Ukrayna ilə matçda xal qazanmağa daha yaxın idik. Səncə, bu görüşdə millimizin xal qazanması üçün nə çatışmadı?
- Dediyim kimi, millimiz Ukraynaya qarşı çox yaxşı mübarizə apardı. Təəssüf ki, baş hakim qərarlarında bizə qarşı idi. Bilirsiniz, bu səviyyədə oyunlara belə hakimlərin təyinat alması və idarəçilik etməsi insana çox qəribə gəlir. Bəli, Ukrayna topa daha çox nəzarət edir, qol epizodları da yaradırdı, amma ikinci qolu təsadüf nəticəsində vurdular. Ukraynalı futbolçu topa təsadüfən toxundu, top da komanda yoldaşının qarşısına düşdü və o, epizodu qolla tamamladı.
- Hakim haqsızları barədə fikrin necədir? Sanki hakim xal qazanmağımıza imkan vermirdi..
- Ona hakim də demək olmaz. Təəssüf ki, bu cür referilər məhz bizim oyunlara düşürlər. Bir sözlə klounluq edirdi. Onu başqa cür adlandırmaq olmaz.
- Azərbaycan millisi Ayxan Abbasova qədər və ondan sonra...Səncə hansı fərqlər var? Hamı deyir ki, milli indi daha çox xarakter göstərir, milli ruhla oynayır. Razısan?
- Tam razıyam. Bütün bunlar kənardan da açıq-aşkar görünür. Sadəcə Ayxan müəllimə hələ vaxt vermək lazımdır. Məncə, bunu etsələr, Ayxan Abbasov millini və xalqımızı çox sevindirəcək. Millimizə uğurlar arzulayıram.
- Necə düşünürsən, Azərbaycan millisi İslandiya və Fransa ilə Bakıdakı matçda uğur qazana biləcək? Millətlər Liqasında yenidən C divizionuna geri qayıtmaq nə dərəcədə mümkündür?
- Əlbəttə ki, olar. İslandiya Fransaya çətinliklər yaradırsa, bu o deməkdir ki, artıq hamı futbol oynamağı bacarır. İnanıram ki, millimiz evdəki oyunlarda daha yaxşı çıxış edərək, xallar qazanacaq.
- Əsas diqqətçəkən futbolçu Abdulla Xaybullayev oldu. Fransa və Ukrayna ilə görüşlərdə yaxşı performans ortaya qoydu. İndiyə qədər onu kəşf edən olmamışdı. Onun haqda fikrin necədir? Millinin əsas üzvünə çevrilir yavaş-yavaş...
- Bütün bunlar adamı sevindirir, yəni bu cür futbolçulara şans verilir. Onlar da özlərini sübut edirlər. Qorxmadan, çəkinmədən sona qədər layiqli oynayırlar. Əgər futbolçuya inanırsansa, o, meydanda ölməyə belə hazır olur. Bunu da Xaybullayevin ifasında görə bilərik. Ona futbolçu karyerasında və həyatında uğurlar arzulayıram. Bu cür oyunçulara şans vermək lazımdır. Çünki onlar qorxmur, çəkinmir sona qədər oynayır. Ümumilikdə, Ayxan müəllim millidə çox yaxşı təəssürat yaradır. İndiki halda kim deyə bilər ki, yerlilər xaricilərdən pisdir? Mən uzun illərdir deyirəm ki, milliyə yerli baş məşqçi lzaımdır. Yalnız bu halda həm Azərbaycan futbolu, həm də milli komanda yüksəlişə keçəcək.