"Sabah" finalda meydan sahibi olacaq
24.04.2026 - 14:26
"Sabah" finalda meydan sahibi olacaq

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, mərasimdə PFL-in, "Zirə" və "Sabah" klublarının nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, "Zirə" mətbuat katibi Elmar Abdullazadə, "Sabah" isə klubun əməkdaşı İlahə Vəlizadə ilə təmsil olunub.

Püşkatmaya əsasən "Sabah" nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda adıçəkilən qurumun Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev, icraçı direktor Zaur Hacı-Məhərrəmov da iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 13 may tarixində "Palms Sports Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.