
Misli Premyer Liqasının II turu çərçivəsində “Neftçi” səfərdə "İmişli" ilə 0:0 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Azarkeşlərimizə təşəkkür edirəm. Sona qədər komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur.
- Oyun planında nədən narazı qaldız?
- Birinci hissədən narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq. Bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Bassala Sambunun epizodu var idi. Onu dəyərləndirməli idik. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar. İkinci hissədə daha istəkli idik. Top itkiləri tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər, onlara minnətdaram.
- Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?
- Emin özü istədi.
- "Neftçi"dən yaxşı nəticələrri nə vaxt tələb etmək olar?
- Komanda olaraq formalaşmışıq. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Uşaqlara zaman lazımdır. Futbolçularda istək yüksək səviyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.
- İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadız. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?
- Düz vurğulayırsız. Müdafiəni qurmaq asandır. Bu, o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün bunları etmək çətindir. Uşaqların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var.
"Neftçi" üçün transfer mövsümü bitib?
- Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır.
- Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynaamaq?
- Süni örtükdə oynamaq çox çətindir. "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır. Meydança futbolçularda narahatlıq yaradır. "Turan Tovuz"a gəlincə,oyundan sonra danışarıq.
- Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?
- Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq.