Samir Abasov da getsə... - "Qarabağ" ona görə "Qarabağ"dır
24.11.2025 - 14:35
Samir Abasov da getsə... - "Qarabağ" ona görə "Qarabağ"dır

Dayanmadan eyni şeyləri edib, hər dəfə fərqli nəticə gözləmək axmaqlıqdır. Bunu elə-belə dedim.

Anladığımız qədərilə "Neftçi" Samir Abasovla yollarını ayırıb və ya əksinə. Əgər əksinədirsə, Samir müəllimin istefasının qəbul edilməsi sadəcə kədərlidir. Növbəti prosesi təxmin etmək də çətin deyil.

Əcnəbi məşqçi, gözdən çıxarılan bir neçə oyunçu, əvəzində qışda və yayda alınacaq 10-larla oyunçu, yayda həmin məşqçi ilə növbəti vida mərasimi. Bütün bunlar "Neftçi" adına çox kədərlidir.

Sanki klub daxilində və ya xaricində görünməyən güclər bu komandada qeyri-stabillik, xaos və uğursuzluq üçün hər şeyi edir. 

Bunu başa düşmək çətin deyil ki, "Neftçi"nin yüksəlməsinə, özünə gəlməsinə, toparlanmasına mane olan başlıca amil tez-tez baş məşqçi dəyişikliyinə getməkdir. Azarkeşləri şübhəsiz başa düşmək olar. Uğursuzluğa ən dözümsüz fanat ordusu "Neftçi"dədir. Amma heç kimin sehrli çubuğu yoxdur ki, dərhal hər şeyi həll etsin.

Ortada problem varsa, onu həll etməyin yolu 6 aydan bir məşqçi dəyişmək deyil. Nə oldu, heç kim bu dərdə əlac edə bilmədi? Mutu, Bojoviç, Qriqorçuk, Abasov... Nədi bu problem axı? Bu barədə çox yazmışam, çox danışmışam.

Bu xaosa, davamlı dəyişikliyə maraqlı olan insanların varlığını istisna etmirəm. Çünki hər məşqçi dəyişikliyi klubu, komandanı geriyə salır. Onlar da bunu yaxşı bilir.

Uzatmağın adı yoxdur. Son olaraq, "Qarabağ" ona görə "Qarabağ"dır - Qurban Qurbanovun ən pis dövründə belə dağ kimi arxasında durduqları üçün. AZAL-dan 6 qol buraxanda da, "Çelsi"yə, "Benfika"ya stadionu dar edəndə də. Ona görə də 35 ildir ki, Avropaya çıxara bildiyimiz sadəcə 1 klubumuz, 1 məşqçimiz var. 

Sizi elə görməsələr yaxşıdır...