
"Neftçi" Misli Premyer Liqasının VII turu çərçivəsində səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb:
“Komandamla qürur duyuram. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, oyunda hər an çevrilmə edə biləcəyimiz inamı var idi və futbolçular bunu göstərdilər. Əzmkarlıq nümayiş etdirdilər. İndiyə qədər ‘Neftçi’yə irad tutulan ruhu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı bir kənara qoyuram, futbolçulardan razıyam. Aydındır ki, biz yalnız çempionatda rəqiblərə qarşı oynamayacağıq, Futbolçularımızı da buna "nastroy" etməliyik. Komandamdan çox razıyam. Çoxdandır ki, bu qədər ruh ‘Neftçi’də itmişdi".
- Meydanda tamamilə başqa "Neftçi" var idi. "Zirə"yə qarşı xüsusi hazırlaşmışdınız? Qapıya zərbələriniz o qədər deyildi. Planlarınız var?
- İşimiz çoxdur. Oyun dramatik keçdi. Bundan əvvəlki matçlarda favorit biz idik. Bitiriciliklə bağlı problemlərimiz var. Qollar vuracağıq. Daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam.
- Penalti epizodunda VAR şəkilə baxıb, penalti verildi...
- Görünməyən VAR-dan hakim penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüz idi. Maraqlısı odur ki, dördüncü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, uşaqları sakitləşdirəcəyəm. Həmin epizoddan əvvəl Kurçinin epizoduna da baxıldı. Dedi narahat olma, deyəcəyəm. Bilirdim ki, deməyəcək. Dedim yanındayam, söylə. Baş hakim isə dedi ki, Alessionun epizoduna baxılması tələb olunmayıb. Amma biz yaxşı ‘Neftçi’ olacağıq. Azarkeşlərə də deyirəm – heç kimin şübhəsi olmasın. Sadəcə, yaxşı ‘Neftçi’ olmaq qorxusu çoxlarında var. Mən komandamla birlikdə bu qorxunu aradan qaldıracağam.