Saşa Yunisoğlu: “Qarabağ” “Şkendiya”ya qarşı çox əziyyət çəkməyəcək"
05.08.2025 - 16:19
Saşa Yunisoğlu: “Qarabağ” “Şkendiya”ya qarşı çox əziyyət çəkməyəcək"

Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu Apasport.az saytına müsahibə verib.

- Azərbaycan klubları bu həftə 3-cü təsnifat mərhələsində oyunlara çıxacaqlar. "Qarabağ" bu gün "Şkendiya" ilə qarşılaşacaq. Necə düşünürsən, "Qarabağ" Şimali Makedoniyada qalib gələ biləcək?
- “Qarabağ” avrokuboklarda böyük təcrübəyə malik klubdur. Artıq neçə ildir ki, azərbaycanlı futbolsevərləri sevindirirlər. Onlar oturuşmuş heyətə malikdir və hər transfer dönəmində 2-3 “nöqtə” transferlər reallaşdıraraq komandanı daha da gücləndirirlər. Artıq Avropada çox klub “Qarabağ”la qarşılaşmaqdan çəkinir. Düşünürəm ki, “Şkendiya” kimi komandaya qarşı “Qarabağ” çox əziyyət çəkməyəcək və növbəti mərhələyə adlayacaq.

- “Qarabağ"ın heyətində bəzi dəyişikliklər var. Bu mövsüm onlardan da gözləntilər yüksəkdir. Səncə, yenidən Çempionlar Liqasının əsas mərhələsinə düşməyə gücləri çatacaq?
- Hesab edirəm ki, hər komanda transfer edərkən əlbəttə komandanı gücləndirmək istəyir. Düşünürəm ki, “Qarabağ”ın yeni transferləri məhz Çempionlar Liqasının əsas mərhələsinə düşmək üçün hesablanıb. Məncə ÇL-də qruplara qalmaq üçün “Qarabağ”ın gözəl şansı var.

- ÇL və AL-də qruplara qalmasalar belə, "Qarabağ" ardıcıl 12-ci dəfə qruplarda oynayacaq. Bu haqda fikrin necədir? Artıq klub avrokuboklarda müntəzəm iştirak edən daimi təmsilçiyə çevrilib – bu uğuru necə dəyərləndirirsiniz?
- Bu, çox gözəl göstəricidir. Bütün Azərbaycan “Qarabağ”ın uğurlarına sevinir. İstəyərdim ki, “Qarabağ” kimi başqa klublarımız da Avropada bu uğurlara imza atsınlar. Son dövrlərdə Azərbaycan futbolunda inkişaf üçün çox böyük işlər görülür. Klubların sayı artırılır, komandalar gücləndirilir, stabilləşir. İnanıram ki, yaxın illərdə yalnız "Qarabağ" deyil, azı 2-3 klubumuz avrokubokların əsas mərhələsinin daimi iştirakçısına çevriləcək. Artıq bu mövsüm "Sabah" və "Araz-Naxçıvan" klublarının bu yolda ciddi şansları var. Onların uğurlu çıxışları həm ölkə reytinqinə, həm də ümumilikdə futbolumuzun inkişafına töhfə verəcək.

- “Araz-Naxçıvan"ın "Aris" səddini keçməsi sənin üçün gözlənilməz oldu? Səncə, onlar "Omoniya"səddini də keçə biləcək?
- Açığı, bu nəticə gözlənilməz olmadı. Çünki Elmar Baxşıyevin rəhbərlik etdiyi "Araz-Naxçıvan" balanslı və komplektləşdirilmiş bir komandadır. Meydanda da açıq şəkildə görünür ki, futbolçular baş məşqçinin tapşırıqlarını tam şəkildə yerinə yetirməyə çalışırlar. Bu yanaşma da nəticə etibarilə komandanın uğuruna səbəb oldu. Klub tarixində ilk dəfə olaraq avrokuboklarda bir mərhələ keçmək böyük uğurdur. Qarşıdakı rəqib nə qədər güclü olsa da, düşünürəm ki, "Araz-Naxçıvan" üçün keçilməz deyil. Komandaya növbəti mərhələdə uğurlar arzu edirəm. Onların bu uğuru təkcə klub üçün deyil, Azərbaycan futbolu üçün də dəyərli bir nailiyyətdir.

- Bəs, "Sabah"ın "Levski" önündə necə, şansı nə qədərdir?
- “Sabah”ın yeni gələn baş məşqçisi ilə oyun stili yaxşı mənada dəyişib. Futbolçuların qələbələr üçün gözləri “yanır” və onların motivasiyası yüksək səviyədədir. “Levski” haqqında danışmaq yersiz olardı. Bolqarıstanın ən tanınmış və köklü klublarından biridir. Deyə bilərik ki, “Sabah”ı çətin sınaq gözləyir. Amma inanıram ki, komandamız bu mərhələni də keçib bizi sevindirəcək.

- Səncə, bu mövsüm "Qarabağ"a ən azından qışa qədər Avropada hansı komandamız yol yoldaşı olacaq? "Sabah", ya "Araz-Naxçıvan"?
- Təbii ki, istəyərdim həm “Sabah”, həm də “Araz-Naxçıvan” bu mövsüm ən azından dekabra qədər irəliləsinlər. Çünki onların uğuru bütün Azəbaycan futbolunun uğurudur. Buna görə hər üç komandamıza uğurlar arzu edirəm.