Slavik Alxasov: "Ən yaxşısını etməyə çalışacağıq"
22.08.2025 - 17:12
Slavik Alxasov: "Ən yaxşısını etməyə çalışacağıq"

“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov Apasport.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan" "Zirə" ilə görüşdə heç-heçə oynadı. Nəticədən razı qaldınız, yoxsa sizi yalnız üç xal qane edirdi?
- Çempionatda bu mövsüm ilk oyunumuz idi. Həm də, avrokuboklarda səfərdən qayıtmışdıq. Buna baxmayaraq, “Zirə” kimi komanda ilə səfər matçında bir xal da, vacib idi. Təbii ki, istədiyimiz üç xal idi. Lakin aktivimizə bir xal yazdırdıq. 

- “Omoniya”ya böyükhesablı məğlubiyyətlərdən sonra psixoloji olaraq toparlanmaq çox çətin deyildi?
- Əlbəttə, biz belə böyük hesablarla məğlub olmaq istəməzdik. Ancaq alınmadı. Artıq bizim üçün Konfrans Liqası başa çatıb. Oranı unudaraq çempionat matçlarına köklənəcəyik. 

- Səncə nəyə görə “Aris"i keçən "Araz-Naxçıvan" "Omoniya" qarşısında heç cürə nəsə edə bilmədi? "Omoniya" "Aris"dən daha güclü idi, yoxsa onlara qarşı oyununuz alınmadı?
- Həm “Aris”, həm də “Omoniya” hər halda bizdən həm büdcə olaraq, həm də oyunçuları bizdən üstün idi. Amma futbol belədir. “Omoniya” fərqli komanda idi. Onlarla matçda oyunumuzu heç cürə alındıra bilmədik. Artıq bunlar keçmişdə qalıb. Daha möhkəm olmalıyıq. İndi isə qarşıdakı görüşləri düşünürük.

- “Zirə” ilə görüşdə sonradan meydana daxil oldun və cinahı olduqca aktivləşdirdin. Səncə, bu performans növbəti görüşlərdə əsas heyətdə başlamağına kömək olacaq?
- Mən əlimdən gələni edirəm. Komandada hamısı peşəkar futbolçulardır. Hər kəs öz işini görür. Əsas odur ki, nəticə əldə edək. Mən oynadım və ya başqası oynadı, fərqi yoxdur. Əsas olan uğur qazanmağımızdır.

- Necə düşünürsən, "Araz-Naxçıvan"ın bu mövsüm gücü nəyə çatacaq? Yüksək yerlərdə olub, yenidən avrokuboklara yollana biləcəksiz?
- Sağlam kollektiv, yaxşı və keyfiyyətli oyunçularımız var. Oyundan-oyuna da ən maksimumu etməyə çalışacağıq. İstəyirik ki, irəli gedək. Çünki bizi qarşıda ciddi və ağır çempionat gözləyir. Komanda olaraq çalışırıq. Ən yaxşısı üçün sona qədər mübarizə aparacağıq.

- Növbəti turdakı rəqib "Turan Tovuz"dur. Bu görüş haqda fikrin necədir? Onları məğlub edə biləcəksiz?
- Dediyim kimi, biz hər oyuna uğurlu nəticə üçün çıxırıq. “Zirə” ilə görüşdən sonra “Turan Tovuz”la oyuna hazırlaşırıq. Hər matçda maksimum nəticə üçün oynayacağıq. Təbii ki, hədəflərimiz var və bunun uğrunda meydanda olacağıq. Ən yaxşısını etməyə çalışacağıq.