
“Bu möhtəşəm qələbəni əziz xalqımıza, şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bu, əsl zəfərdir”.
Apasport.az xəbər verir ki, bu sözləri “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri bildirib ki, bu uğur Azərbaycanın adını daha da ucaldacaq: “Artıq inanıram ki, bu gündən etibarən bütün dünya “Qarabağ”dan danışacaq. Bu oyun bir daha sübut etdi ki, “Benfika” üzərindəki qələbə təsadüfi deyildi. “Qarabağ” öz oyun üslubu ilə Avropa klubları arasında seçilən komanda olduğunu göstərdi və artıq özünü sübut edib. İnşallah, bundan sonrakı görüşlərdə də “Qarabağ” Azərbaycanın adını zirvələrə ucaldacaq. Mənim prezident kimi gözləntim odur ki, futbolçular hər oyuna canlarını qoyaraq çıxsınlar. Əlimizdən gələni edək və adımızı ən yüksək zirvələrə qaldıraq”.
Tahir Gözəl komandanın turnir cədvəlindəki mövqeyinə də toxunub: “Bu, bir möcüzədir. Hazırda turnir cədvəlində 4-cü yerdəyik və “Liverpul”dan öndəyik. Bu, həqiqətən tarixi bir andır. Hesab edirəm ki, bir qələbə və bir heç-heçə də olsa, “Qarabağ” ilk 24-lüyə daxil olub, bəlkə də növbəti mərhələyə yüksələ bilər”.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edib.