Aftandil Hacıyev: “Oyuna yaxşı başlaya bilmədik”
16.09.2025 - 22:08
Aftandil Hacıyev: “Oyuna yaxşı başlaya bilmədik”

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev I turun “Benfika” ilə Portuqaliyadakı qarşılaşması haqda fikirlərini klubun saytına açıqlayıb:

“Oyunu iki fərqli hissəyə bölmək olar. İlk 45 dəqiqədə futbolçularımızda həyəcan daha çox hiss olunurdu. Bu da ilk dəfə belə turnirdə oynamaları ilə bağlı idi. Bu səviyyəli yarışlardakı təcrübədə rəqiblə aramızda fərq hiss olunurdu. Oyuna yaxşı başlaya bilmədik. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Futbolçular start həyəcanını aşa bilmədilər. Fasilədə məşqçilər tərəfindən edilən dəyişikliklər və verilən tapşırıqlar ikinci yarıda özünü göstərdi. Üstünlük yenə rəqibdə olsa da, komandamız daha intizamlı və dəqiq oynamağa çalışdı. “Benfika” böyük hesabla qalib gəlsə də, ikinci hissəni bərabər bitirə bildik. Düşünürəm ki, futbolçular və məşqçilər bu matçdan çox şey qazandı. Belə təcrübələr onlara müsbət təsir edə bilər. Bu səviyyəli görüşlər nə qədər çox olsa, gənc oyunçuların inkişafına daha çox təsir edəcək”.

Aftandil Hacıyev rəqib barədə də fikirlərini bildirib: “Benfika” haqda geniş məlumat toplamağa çalışdıq. Portuqaliya klubu bu yaş qrupunda üç heyətə malikdir. Onların hansı futbolçulara üstünlük verəcəyi matç saatına qədər bəlli deyildi. İspaniyadakı turnirdən geri qayıtmışdılar. İki gün əvvəl keçirdikləri çempionat qarşılaşmasını da izləmişdik. Heyətlərində dəyişikliklər də var idi. Daha təcrübəli futbolçuları meydana buraxmışdılar. Onlar Gənclər Liqasına çox ciddi yanaşırlar. “Benfika” bir dəfə qazandığı kuboku yenidən əldə etməyi hədəfləyib, çempionluq üçün mübarizə aparır. Belə rəqiblə qarşılaşma gələcəkdə bizə faydalı olacaq. Klubun akademiyasında gördüklərimiz də bizim üçün yaxşı təcrübə oldu. “Benfika” Avropanın ən yaxşı akademiyalarından birinə malikdir. Akademiyada olan şərait, sistem uzun illərdir qurulub”.