
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Ukrayna oyunundan (1:1) sonra millimizin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
"Belə oyundan sonra danışmaq çətindir. Amma futbolçularıma təşəkkür etmək istəyirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter, mübarizə aparmaq haqda danışdım. Hesab necə olsaydı da, onlara təşəkkür edəcəkdim. Çoxdandır ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular da təzyiq altında idi. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə o dəstəkdir ki, Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybullayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək sayəsində gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə bu istək qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdilər. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixoloji durum pis idi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybullayevin gəlişi komandaya ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf edər".
- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiz?
- Bir gündə çox şeyi dəyişə bilmərik. Məşq etməyə vaxtımız da yox idi. Hadisələr baş verəndə komanda məşq etmişdi. Səhər taktiki məqş etdik. Bir gündə maksimum nəyisə vermək istəyirdiksə, verdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik. Bunu dəyişdik.
- U-21 yığmamız da heç-heçə oynadı. Bir gözünüz yəqin ki, ordaydı? Bir əldə iki qarpız tutmaq mümkün oldu...
- U-21 yığmamıza görə sevinirəm. Portuqaliya ilə oyunda hesab böyük oldu. Danışsaq ki, yaxşı oynadığ düzgünolmaz. Amma inanın ki, futbolçular orada gözəl mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədir. Dörd aydır birlikdəyik. Bolqarıstanla görüşü 65-ci dəqiqəyə qədər izləyirdim. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi ilə onların beynəlxalq oyunlarının sayı, təcrübəsi artır. Desəm ki, 2 gündür yatmamışam... Burada Azərbaycan adı varsa, hər bir şeyə dözməliyik.
- Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiz?
- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmazdı. Qərarlar nə olacaq bilmirəm. Mübarizə aparmaq lazımdır. Bilirik ki, Fransa top komandadır. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Biz çox şey istəyirik. Böyük ölkələrlə özümüzü müqayisə edirik. Vaxt lazımdır. Mübarizə aparsaq, hər şey ola bilər.
- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiz? Sınmış komandanı belə formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətindir? Bu komanda ilə nə etmək olar?
- Bazaya girəndə görünürdü ki, futbolçular məyus idilər. Təcrübəli oyunçularla və ümumi görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.
- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardır?
- Mahirlə Renat taktiki baxımdan pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.
- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?
- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qutardı, bu qolu vurdu (gülür). Oyunu dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla, yoxsa Rüstəmlə başlayaq. Amma sonda Toral meydana girdi. O, iki mövqedə oynaya bilir.
- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu heçə endirməsini nə ilə əlaqələndirirsiz?
- Bu gün bu mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, ora necə getdik, necə mübarizə apardıq? 100 faizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.
- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?
- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək edib, bu durumdan çıxmaq... Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin 1 gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimi gedir. Federasiya məşqçiləriyik, kömək lazımdırsa, borcumuzdur. Gələcək haqda söhbət etmək tezdir. Zaman göstərər.
- Üç yerdə işləmək çətin deyilki?
- Dünəndən yaxşı mövzuya çevrilib (gülür). Məcburidir. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindir, iki yer problem deyil.
- Millidə heç vaxt oynamamısız. Hansı hissləri keçirdiz?
- U-21-də uşaqlarlq söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdir.
- Abdulla Xaybullayev debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü idi?
- Bunu çox müzakirə edirdim. Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdır. "Turan Tovuz" və "Şamaxı"ya onu dəvət etmək istəmişdik. Böyük potensialı var.
- Gah deyirdik ki, prolem futbolçulardadır, gah da xarici məşqçilərdə. Sizcə, həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?
- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudur. Bu suallara başqa vaxt geniş cavab vermək olar. Əcnəni məşqçi də lazımdır. Amma əlbəttə ki, yerli məşqçi ilə futbolçulara daha rahat olardı. O, demək deyil ki, əcnəbi çalışmamalıdır. Çətin mövzudur. Allah qoysa, ən düzgün qərar verilər.