Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”
04.09.2025 - 21:44
Emin Mahmudov: “Bizi ağır oyun gözləyir”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasportun Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, yığmamızın üzvü Emin Mahmudov qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Bizi ağır oyun gözləyir. Neçə gündü burdayıq. Hazırlaşmışıq. İnanıram ki, biz futbolçular məşqçimizin taktikasını yerinə yetirib yaxşı nəticə qazanacağıq". 

– Bir müddət idi millinin heyətindən kənarda qalmışdın. Sabah yığmadakı qol rekordunu yeniləyə bilərsən. Bu barədə düşünmüsən?
– Açığı, bu barədə çox düşünmürəm. Demək olar ki, hər oyundan əvvəl bu sual verilir. Mən daha çox komandanı düşünürəm. İstəyim odur ki, komandaya xeyrim olsun və qələbə qazanaq.

“Qarabağ”ın sabiq qapıçısı Haldorsson bu gün açıqlama verib ki, Azərbaycanın şansı yoxdur. Yəqin xəbəriniz olmayıb. Bəlkə bunu futbolçulara sən deyəsən?
– Məlumatımız yox idi, sağ olun ki, dediniz. Bu, bizim üçün əlavə motivasiya olacaq. Onsuz da motivasiyamız yüksəkdir. Bu sözlər xoş deyil, amma çalışacağıq ki, sabah öz sözümüzü meydanda deyək.

Kapitan sarğısını daşımaq sənin üçün necə məsuliyyət olacaq?
– Mən uzun illər kapitan olmuşam. Yenə də bu, məşqçinin qərarıdır.

– 2008-ci ildə Azərbaycan İslandiyadan 1:1 hesabı ilə qayıtmışdı və futbolçularımız nəticəyə görə məyus olmuşdular. O vaxt İslandiya bir qədər zəif idi. Bəs indi necədir?
– Məncə, indi necə nəticə olacaqsa, ona uyğun sevinəcəyik və ya məyus olacağıq. İnanırıq ki, qələbə qazanacağıq.