Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”
04.09.2025 - 21:48
Fernandu Santuş: “Uduzmamağa çalışacağıq”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz səfərdə İslandiya ilə qarşılaşacaq.

Apasportun Reykyavikə ezam olunan əməkdaşı xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb: 

“Hər oyun çətindir. Bu, bizim ilk qarşılaşmamızdır. Hər iki komanda sabahkı oyuna böyük həvəslə hazırlaşır. Hamı yaxşı start götürmək istəyir. Biz səfərdə oynayacağıq və əsas məqsədimiz yerli komandaya uduzmamaqdır. Rəqibi kifayət qədər təhlil etmişik – onlar çox yaxşı təşkilatlanmış komandadır, inamlı çıxışları ilə seçilirlər və topa daha çox sahib olmağa üstünlük verirlər. Bu müddətdə futbolçularıma bütün lazımi məlumatları çatdırmışam. Onların baş məşqçisi yenidir. Sabah bizi çox çətin oyun gözləyir. Həm rəqib, həm də biz qələbə üçün meydana çıxacağıq".

– 2016-cı ildə Portuqaliya millisinin baş məşqçisi olduğunuz vaxt Avropa çempionatında rəqibiniz məhz İslandiya idi. Həmin oyunda qalib gələ bilməmişdiniz. Sizcə, sabah İslandiyanı məğlub edə biləcəksinizmi?
– O vaxtkı İslandiya da çox güclü idi, yaxşı futbolçuları var idi və demək olar ki, heç vaxt təslim olmurdular. Bu komanda heç də zəif rəqib deyil. Həmişə azarkeşlərinin dəstəyini hiss edirlər. İndiki heyətlərinə baxsaq, görərik ki, futbolçularının hamısı legioner həyatı yaşayır və Avropada çıxış edir. Yerli çempionatda oynayan oyunçuları yoxdur. Sabah biz də var gücümüzü ortaya qoyacağıq.

Havanın soyuqluğu və 4 saatlıq vaxt fərqi sabahkı oyuna nə qədər təsir göstərəcək? Həmçinin, kapitan sarğısı kimdə olacaq?
– Komandamızın adaptasiya olması üçün bura vaxtında gəlmişik. Uzun səyahətlərdən sonra ən azı bir gün bərpaya ehtiyac olur. Artıq bir neçə gün keçib və bu gün gördüm ki, bərpa prosesi yaxşı vəziyyətdədir. Hələ bir günümüz də qalıb. Yağışdan sonra meydançanın vəziyyəti necə olacaq, bilmirəm. Sabahkı oyunda kapitan sarğısını Emin daşıyacaq.

Qarşıdakı iki seçmə oyunda hansı nəticələri qənaətbəxş hesab edirsiniz?
– Əlbəttə ki, hər iki görüşdə qələbə gözləyirik. Komanda olaraq qarşımıza bu hədəfi qoymuşuq. Sözlə yox, meydanda oyunumuzla bunu sübut etmək istəyirik. Azərbaycan xalqını sevindirmək bizim əsas məqsədimizdir. Futbolçularım çox çalışıblar və zərrə qədər şübhəm yoxdur ki, əllərindən gələni edəcəklər.

Son rəsmi matçda 0:6 hesabı ilə məğlub olmuşduq. Mental baxımdan komanda hansı vəziyyətdədir? Futbolçulara bu nəticəni unutmaq üçün nə tapşırmısınız?
– Həmin məğlubiyyət artıq geridə qalıb. İndi yalnız bu günə və qarşıdakı oyuna baxırıq.

Millimiz dünya futbolunu təəccübləndirə bilər?
– Biz yalnız tarix yazmaq üçün buradayıq. Futbolçularım da bunun üçün əllərindən gələni edəcəklər.

– Möcüzəyə inanırsınız?
– Xeyr. Möcüzəni yaradan insanlardır.

– Bu çətin qrupda xal ehtiyatı toplamaq üçün komandaların sayının az olması nə dərəcədə təsir göstərəcək?
– Reallıq budur ki, bu qrupa düşmüşük. Bacardığımız qədər xal toplamalıyıq. Məqsədimiz mümkün qədər çox xal qazanmaqdır.