Okan Buruk: “Ən çətin oyunlarımızdan biri olacaq”
29.09.2025 - 14:27
Okan Buruk: “Ən çətin oyunlarımızdan biri olacaq”

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Qalatasaray” doğma meydanda “Liverpul”u qəbul edəcək.

Apasport.az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk fikirlərini bölüşüb.

Türkiyəli mütəxəssis bir müddət əvvəl avtomobil qəzasında həyatını itirən “Liverpul” futbolçusu Dioqo Jotanı anmaq üçün xüsusi xoreoqrafiya planlaşdırdıqlarını açıqlayıb: “Bilirsiniz ki, Dioqo Jota 3 ay əvvəl avtomobil qəzasında həyatını itirmişdi. “Liverpul”la oyun öncəsi onu anmalı idik. Stadionda da buna bənzər bir şey olacaq”.

Rəqibin gücündən danışan təcrübəli mütəxəssis bunları əlavə edib: “Çox yaxşı oyunçulardan qurulmuş heyətlə qarşılaşacağıq. Son matçını uduzsa da, həm liqaya, həm də Çempionlar Liqasına yaxşı başlayan komandadır. Öz meydanımızda bu cür oyunlar bizim üçün özümüzü göstərmək şansıdır. Bu, “Qalatasaray” kimi oynayacağımız və “Qalatasaray” kimi düşünəcəyimiz bir görüş olacaq. Güclü təzyiq göstərməli, bunu hiss etdirməliyik. Azarkeşlərimizlə birlikdə buna nail olacağımıza inanıram”.

Okan Buruk matçın onlar üçün çətin keçəcəyini vurğulayıb: “Bu tip oyunlardan çox oynamışıq. Mənim dördüncü ilimdir və bu, ən çətin qarşılaşmalardan biri olacaq. Çox uğurlu bir komanda və baş məşqçi ilə üz-üzə gələcəyik. Biz də öz planlarımızla meydanda olub ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, “Qalatasaray” – “Liverpul” matçı sentyabrın 30-da, saat 23:00-da baş tutacaq.