“Qalatasaray” UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda səfərdə keçirilən matçda “Union”a 0:1 hesabı ilə uduzub.
Apasport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk oyundan sonra təşkil olunan mətbuat konfransında qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“İspan hakim oyunu çox bərbad idarə etdi. Çox kritik və böyük səhvlərə yol verdi. Qırmızı vərəqə göstərmədiyi futbolçu daha sonra qol vurdu. Düşünürəm və ümid edirəm ki, UEFA bu qədər böyük səhvi cəzalandıracaq. Məğlubiyyəti təkcə hakimə və çatışmazlıqlara bağlamaq istəmirəm. Öz səhvlərimizi də analiz etməliyik. Amma hakimin çox ciddi səhv etdiyini vurğulamaq lazımdır".
Baş məşqçi komandada baş verən zədə problemlərinə də toxunub: “Eyni mövqedəki futbolçuların zədələnməsi çox çətindir, bunu əvvəlcədən hesablamaq mümkün deyil. Yunus kimi kritik bir oyunçunun olmaması böyük itkidir. Osimhen, Singo və Leminanın da heyətdə yer almaması işimizi daha da çətinləşdirdi".
Okan Buruk milli komandalarla bağlı narazılığını da dilə gətirib: “Milli komandaya futbolçu göndəririk, amma oyunçular zədəli qayıdır. Pulunu siz ödəyirsiniz, amma onlar istədikləri kimi istifadə edirlər. Milli komandalara hörmətim böyükdür, milli duyğu başqadır, amma geriyə dönəndə həm İsmail Yakobs, həm də Osimhen zədəli halda gəldi".
Məşqçi ən böyük itkinin Eren olduğunu deyib: “Mənim üçün ən böyük eksiklik Eren idi. Bu gün Türk futbolu üçün də çox vacib bir oyunçu ola bilərdi. Bəlkə Yakobs ilə yox, Eren ilə başlayacaqdıq. Belə bir şanssızlıq da yaşadıq".