Qurban Qurbanov: “Bakıda daha diqqətli olmalıyıq”
06.08.2025 - 00:46
Qurban Qurbanov: “Bakıda daha diqqətli olmalıyıq”

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Şkendiya” – “Qarabağ” matçının (0:1) ardından baş məşqçi Qurban Qurbanov fikirlərini açıqlayıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında Şimali Makedoniyadakı qarşılaşmanı dəyərləndirib:

“Futbolçularımıza təşəkkür edirəm, sona kimi mübarizə apardılar. Belə matçlarda axıra qədər oyundan qopmamaq çox vacibdir. Futbolçularımız nəticə üçün oynamağı bacardılar, onları təbrik edirəm. Rəqib barədə də xoş sözlər demək istəyirəm. Əvvəlki mərhələdə hər iki görüşdə qalib gəlmişdilər. Bugünkü çıxışları ilə sübut etdilər ki, hər iki matçda çox güclü komanda üzərində layiqli qalibiyyət əldə etmişdilər. Bizə də çox gərginlik yaratdılar. Belə rəqibə qarşı səfər oyunundan qələbə ilə dönmək böyük üstünlükdür. Amma Bakıda daha diqqətli və ciddi olmalıyıq. Çünki qarşımızda məğlubiyyəti sevməyən kollektiv var”.

Baş məşqçi azarkeşlərin stadionda gözəl atmosfer yaratdıqlarını söyləyib: “Futbolun yaraşığı azarkeşdir, bu cür atmosferdir. Belə yaxşı stadionda bu qədər azarkeşin olması matçı daha da gözəlləşdirmişdi. Bu ab-hava “Şkendiya” komandasına da əlavə motivasiya vermişdi. Gözəl atmosferə və baxımlı oyuna görə həm yerli azarkeşlərə, həm də rəqib komandaya təşəkkür edirəm”.