Rəşad Eyyubov: “Deməli pis oynamışıq”
27.03.2026 - 18:59
Rəşad Eyyubov: “Deməli pis oynamışıq”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2027-nin seçmə mərhələsində Portuqaliyaya 0:4 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, yığmamızın baş məşqçisi Rəşad Eyyubov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Birinci hissədə oyuna köklənmə yüksək səviyyədə idi. İkinci hissədə təəssüf ki, bunu itirdik. Komanda bir az rahatlaşdı. Bizim ən böyük problemimiz standart vəziyyətlərdir. Belə epizodlardan 3 qol buraxdıq. Birinci hissəyə görə oyunçulara təşəkkür edirəm. İkinci yarıda isə yaxşı oynamadıq".

- Sizcə, millimiz Portuqaliya ilə səfərdəki oyunda yaxşı oynamışdı, yoxsa evdə?
- Uduzmuşuqsa, deməli pis oynamışıq.

- İlk oyunda rəqib 5 qol vurmuşdu, bu gün isə 4 dəfə fərqləndilər. Bu, inkişafdır?
- Neqativ inkişaf olmur.

- Birinci hissədə hesab açılmadı. İkinci yarıda isə rəqib qollar vurmağa başladı. Bunu nə ilə əlaqələndirirsiz?
- İlk növbədə intensivliklə bağlıdır. Bu tempə uyğunlaşmaq bir az çətindir. Ona görə də gücümüz birinci hissəyə yetərli oldu. Rəqib intensivlik baxımından bizdən üstün idi.

- Komandadan daha artığını gözləyirdiz?
- Oyunçuları fiziki baxımdan optimal vəziyyətə gətirməyə çalışdıq. Amma yetərli olmadı.

- Hava şəraiti oyuna təsir etdi?
- Şərtlər iki komanda üçün də eyni idi.

- Hücum baxımından komandadan razı qaldız?
- Qol buraxmırsansa, oyun 0:0 hesabı ilə başa çatır və 1 xal qazanırsan.