Azərbaycan Cüdo Federasiyası (ACF) gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində yığma üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında baş vermiş insidentlə bağlı qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ qurumun Nizam-İntizam Komitəsində araşdırılıb.
Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları, həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, ACF-nin Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən yığmanın tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
İdmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. Azərbaycan Cüdo Federasiyası gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayır.
- Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışına start verilib
- Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub
- Cüdo üzrə Bakı birinciliyinə start verilib
- Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər