Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi dərslər başlayıb
19.07.2025 - 21:21
Qubada cüdo məşqçiliyi ixtisası üzrə xüsusi dərslər başlayıb

Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən Qubada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb.

Apasport.az xəbər verir ki, yerli cüdo mütəxəssislərindən Orxan Səfərov “Cüdo üzrə təlimatçının rolu və məsuliyyətləri”, britaniyalı ekspert Bob Çallis isə “Cüdoda sağlamlıq və təhlükəsizlik” mövzusunda seminarlar keçiblər.

Proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri də keçirilir.

Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.