Ferstappen Suzukada qələbə qazandı – Mövsümdə ilk uğur
07.04.2025 - 15:56
Ferstappen Suzukada qələbə qazandı – Mövsümdə ilk uğur

“Formula 1” üzrə dünya çempionatının üçüncü mərhələsi – Yaponiya Qran-prisi Maks Ferstappenin inamlı qələbəsi ilə yadda qalıb.

Apasport.az xəbər verir ki, Suzukada keçirilən yarışda “Red Bull” pilotu mövsümdə ilk, karyerasında isə 64-cü qələbəsini əldə etdi.

Cümə gününün sərbəst yürüşlərində McLaren pilotları Lando Norris və Oskar Piastri üstünlük nümayiş etdirsələr də, sıralanma turunda Ferstappen fərdi ustalığını göstərərək poul qazandı. Bu, onun Suzukada ardıcıl 4-cü pouludur.

Suzukada ötmələr çətin olduğu üçün sıralanma turu həftəsonunun ən əsas sessiyası sayılır. Məhz bu sessiyada sürücünün ustalığı, onun psixoloji dayanıqlığı əsas rol oynayır. Ciddi təzyiq altında “McLaren” komandasının hər iki sürücüsü səhv yol verib, amma son dörd ilin dünya çempionu Maks Ferstappen son cəhdində heç bir səhvə yol vermədən karyerasında 41-ci poulunu qazanıb. Xatırladaq ki, Maks sonuncu dəfə komandası “Red Bull”un ev yarışında - Avstriyada ilk yerdən start almışdı.

Mətbuatın və azarkeşlərin, xüsusən də yaponların ən çox müzakirə etdikləri mövzu isə “Red Bull”da sürücü dəyişikliyi olub. Liam Louson cəmi iki yarışdan sonra “Racing Bulls”a göndərilib, yaponiyalı Yuki Tsunoda əsas komandaya yüksəlib - Suzukada yerli azarkeşlər üçün bundan böyük hədiyyə ola bilməzdi. 

Startda ilk onluqda ciddi dəyişiklik olmadı. Trasın rezindən təmizlənməsi səbəbilə təkərlərin ilişməsi zəif idi və sürücülər risk etmədi. Yarış boyunca strateji pit-stoplar da mövqeləri dəyişdirmədi. Ferstappen liderliyini qoruyaraq rəqiblərinə heç bir şans vermədi.

McLaren pilotları Norris və Piastri podiumu tamamladılar. Ferraridən Şarl Lekler 4-cü, Mercedes pilotları Corc Rasl və Kimi Antonelli isə sıralarını qoruyaraq yarışı başa vurdular.

Yarışda yeganə ötməni “Ferrari”nin yeddiqat çempionu Lyuis Hemilton etdi — o, debütant Ayzek Həcərini (“Racing Bulls”) geridə qoydu. Xal zonasını Aleks Elbon (“Williams”) və Oliver Berman (“Haas”) bağladılar.

Çempionat artıq növbəti mərhələyə — Bəhreyndəki axşam yarışına hazırlaşır.