Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO
25.09.2025 - 22:12
Fiqurlu konkisürmə üzrə Qran-Pri yarışının II günü başa çatıb - FOTO

“Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri” yarışının 2-ci günü başa çatıb.

Apasport.az xəbər verir ki, turnirin ikinci günündə kişilər arasında sərbəst  proqram üzrə 21 ölkədən 22 idmançı çıxış edib.

Turnirin sərbəst  proqram üzrə nəticələrinə əsasən Cənubi Koreyalı idmançı Minkyu Seo  236.45 xalla  ali kürsüdə 1-ci yerə, Belçikalı fiqurlu  konkisürən Denis Krouglov 213.47 xalla  2-ci yerə, Birləşmiş Ştatlardan olan idmançı Caleb Farrington isə 210.66 xalla  3-cü yerə sahib olublar.

Təltifetmə mərasimində  qaliblərə medalları Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının Baş katibi Günel Bədəlova təqdim edib.

Qeyd edək ki Qran-Pri Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Qış İdman Növləri Federasiyası və Beynəlxalq Konkisürmə Birliyinin təşkilatçılığı ilə keçirilir. Turnirdə 38 ölkədən 92 idmançı iştirak edir.

Sentyabrın 26-da, yarışın sonuncu günündə  qadınlar buz üstündə sərbəst proqramla, cütlüklər isə  sərbəst rəqs proqramı ilə çıxış edəcəklər.