Millimizin İslam Oyunlarında rəqibləri bəlli olub
24.10.2025 - 12:56
Millimizin İslam Oyunlarında rəqibləri bəlli olub

“Ər-Riyad 2025” İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının püşkü atılıb.

Apasport.az xəbər verir ki, reqlamentə əsasən, iştirakçı 8 komanda hər birində 4 komanda olmaqla iki qrupa bölünüb.

Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə eyni qrupda mübarizə aparacaq.
B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də keçiriləcək. Hər qrupda ilk iki yeri tutan yığmalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal görüşləri noyabrın 9-da baş tutacaq.

Qızıl, gümüş və bürünc medal sahibləri isə noyabrın 11-də keçiriləcək final və üçüncü yer uğrunda oyunlardan sonra müəyyənləşəcək.