FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib
01.10.2025 - 14:05
FIDE reytinqi: Şəhriyar Məmmədyarov 2, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyib

Beynəlxalq Şahmat Federasiyası şahmatçıların oktyabrın 1-nə olan reytinqini açıqlayıb.

Apasport.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyeva FIDE-nin yeni reytinqində mövqeyini yaxşılaşdırıb.

Şəhriyar Məmmədyarov 2742 xalla dünya reytinqində 16-cı yerdən 14-cü yerə yüksəlib. Dünyanın ən yaxşı 100 kişi şahmatçısı sırasına Teymur Rəcəbov (2692 xalla, 38-ci sırada), Rauf Məmmədov (2655 xalla, 62-ci sırada) və Eltac Səfərli də (2630 xalla, 100-cü sırada) daxildir.

Qadınların reytinq cədvəlində uğurlu irəliləyişə bu yaxınlarda Özbəkistanın Səmərqənd şəhərində keçirilən nüfuzlu “Grand Swiss” turnirində 6-cı yeri tutan Ülviyyə Fətəliyeva imza atıb.

Ülviyyə Fətəliyevanın 2410 xalı var və o, 35-ci yerə yüksəlib. Azərbaycan şahmatçısı Özbəkistandakı uğuru sayəsində siyahıda 23 pillə irəliləyib və 25 xal toplayıb.

Reytinqdə millimizin üzvlərindən Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü, Xanım Balacayeva (2351) 87-cidir.