Şahmatçılarımızdan Avropa çempionatında parlaq çıxış
08.10.2025 - 10:23
Şahmatçılarımızdan Avropa çempionatında parlaq çıxış

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası Avropa çempionatında III turun görüşləri keçirilib. 

Apasport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlinin çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası hesabat turunda Polşadan üstün olub - 2.5:1.5.

Daha əvvəl Slovakiyaya (3:1) qalib gələn və Çexiya (2:2) ilə bərabərə qalan komanda hazırda beş xalla üçüncü pillədədir.

Qadınlardan ibarət milli isə bu dəfə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət kollektiv Fransa ilə xalları yarı bölüb - 2:2.

Əvvəlki görüşlərdə Sloveniya (4:0) və Macarıstandan (2.5:1.5) üstün olan komanda beş xalla dördüncüdür.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-dək davam edəcək.