Azərbaycan milli komandasının üzvü Yelizaveta Ruban 2026/27 mövsümündə “Turan” Voleybol Klubunun heyətində çıxış edəcək.
Apasport.az xəbər verir ki, təcrübəli hücumçu yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında komandasının uğurları üçün mübarizə aparacaq.
Ruban karyerası ərzində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və Rumıniya klublarında çıxış edib. O, “Rabitə Bakı”, “Telekom Bakı”, “Savino Del Bene Scandicci”, “Leninqradka”, “Bolu Belediyespor”, “CSM Lugoj” və “CS Volei Alba-Blaj” kimi komandaların formasını geyinib.
27 yaşlı voleybolçunun uğurları arasında CEV Kubokunun bürünc (2014/15) və gümüş (2024/25) medalları, İtaliya A1 Seriyasının bürünc medalı (2017/18), Rumıniya Superkuboku (2022), CEV Challenge Kuboku (2022/23), Rumıniya çempionluğu (2022/23, 2024/25), Rumıniya Kuboku (2022/23) və Kalininqrad vilayəti qubernatorunun kuboku (2025/26) var.
Ruban fərdi mükafatlara da sahibdir. O, 2022/23 mövsümündə CEV Challenge Kubokunun ən yaxşı bombardiri, Rumıniya Kubokunun MVP-si və ölkə çempionatının ən yaxşı hücumçusu seçilib. 2024/25 mövsümündə isə Rumıniya Kubokunun ən yaxşı bombardiri və çempionatın ən yaxşı hücumçusu olub.
Qeyd edək ki, Yelizaveta Ruban Azərbaycan milli komandası ilə İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB