19 yaşadək qız voleybolçulardan ibarət Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan tədbirdə ilk iki seçmə mərhələsinin qrupları bəlli olub.
Yarışda qüvvəsini sınayacaq Azərbaycan millisi mübarizəyə 2-ci seçmə mərhələdən başlayacaq. Püşkatmada sonuncu səbətdə qərarlaşan yığmamız F qrupunda düşüb. Komandamız burada Sloveniya, Fransa və Latviya ilə yarışacaq. Bu mərhələnin oyunları 2016-cı il martın 31-dən aprelin 3-dək keçiriləcək.
Bu mərhələdə 1-ci olan komandalar birbaşa final mərhələsinə yüksələcək. Qrup ikinciləri və ən yaxşı nəticəyə malik 3-cü yer sahibi isə 3-cü seçmə mərhələdə qüvvəsini sınayacaq.