Qəbələdə III Beynəlxalq Xankəndi Ultramarafonuna start verilib.
Apasport.az xəbər verir ki, yarışda 6 ölkədən 97 atlet iştirak edir.
Startdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Ultramarafonun ilk mərhələsində iştirakçılar Qəbələdən Ağdaşadək 52,5 km məsafə qət ediblər. Kişilər arasında ilk üçlükdə Gürcüstan təmsilçisi David Xarazişvili, Litva atleti Andrey Eqorov və Gürcüstan təmsilçisi İrakli Canaşıya qərarlaşıb.
Qadınların mübarizəsində isə Ukrayna təmsilçisi Olena Şevçenko birinci, Rusiya təmsilçisi Leyla Abdinova ikinci, Azərbaycan atleti Natalya Vallek üçüncü olub.
Qeyd edək ki, iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km) olmaqla 4 mərhələdən ibarətdir. Hər mərhələnin qalibləri ayrıca təltif olunacaq, ümumi qaliblər isə baş mükafata layiq görüləcəklər.
Yarışın əsas məqsədi sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
Xatırladaq ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə keçirilib. Həmin yarışda 4 ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə Qəbələ–Xankəndi marşrutu üzrə təşkil olunan ultramarafona 6 ölkədən 81 atlet qatılıb.