Misli Premyer Liqasının IX turunda "Zirə" "Sumqayıt"ı məğlub edib - 3:2.
Apasport.az xəbər verir ki, matçdan sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Gözləyirdik ki, şən və baxımlı oyun alınacaq. İlk saniyələrdən komandalar bir-birinə təzyiq göstərirdi. O dəqiqələrdə bizdə daha yaxşı alınırdı. 30-35-ci dəqiqədən sonra komandada eniş oldu. Çox güc sərf etmişdik, rəqibə presinq etmişdik. O dəqiqələrdə enerjimiz aşağı düşdü, amma rəqibə epizod vermirdik. İkinci hissəyə passiv başlayırıq. Neçə oyundur ki, ikinci hissənin əvvəlində qol buraxırıq. Bu haqda danışırıq, amma bunu çözə bilmirik. Komanda 2:2-dən sonra irəli atıldı. Vacib qələbə qazandıq. Rəhbərliyimizi, futbolçularımızı təbrik edirəm".
- Ötən tur ağır Gəncə səfərindən son dəqiqələrdə 1 xal çıxardınız, bu gün isə 2:0-dan sonra oyun çətinləşdi. Bu mövsüm digərlərindən daha çətindir?
- Hansısa oyunun rahat olduğunu deyə bilmirəm. "Araz-Naxçıvan"ın oyununa baxdım, gözəl oynadılar. Son turlarda baxımlı futbol oynayırlar, amma qələbə qazana bilmirlər. Keçən il də belə idi, bu il də belədir. İldən-ilə hamı inkişaf edir, təcrübə toplayır. Rəqabət çətinləşir. "Sumqayıt" son 2 matçda möhtəşəm futbol oynadı. Bu məşqçinin gəlişindən sonra komanda olduqca baxımlı, mobil futbol oynayır. Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik. Bizdə də, onlarda da ciddi itkilər var idi.
- Oyunda daha çox əsəbi görünürdünüz. Bu, son matçlardakı qələbəsizlikdən irəli gəlirdi, yoxsa hakimin qərarlarına görə belə olmuşdu?
- Birinci hissədə gərgin idim. Oyunun əvvəlində bəzi epizodlar oldu. Amma ikinci hissədə hakimlərlə bağlı reaksiya vermədim. Fasilədə özümə söz verdim ki, sakit olacağam. Başa düşürdüm ki, ikinci hissə daha emosional keçəcək. İlk hissədə bəzi epizodlar oldu ki, bizi özümüzdən çıxardı. Kim haqlıdır, videogörüntülərdən sonra bilmək olacaq. Tək bizim oyunda deyil, başqa oyunlarda da baş verən hadisələr var. Gərgin oyun idi.
- Qışda yeni transferlər üçün büdcə ayrılıb?
- Seleksiyanı tamamlamamışıq. Komandaya sağ vinger gətirə bilmirik. Fərqli oyunçuları orada oynadırıq. Rəqabət apardığımız komandalara baxırıq, hücum xəttində hansı səviyyədə oyunçular oynayır, heyətləri genişdir. Rəqabətə tam gətirmək istəyiriksə, hücum xəttini gücləndirməliyik. İstəyərdim ki, mütləq şəkildə hücum xəttini gücləndirək.