
"Şəki"nin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlama verib.
Apasport.az xəbər verir ki, mütəxəssis Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin “Gəncə" ilə oyununu (85:84) dəyərləndirib:
“Mübarizənin dozası çox olan bir matç alındı. “Gəncə" ilə matçlarımız həmişə belə keçir, izləyici və tamaşaçılar üçün çox maraqlı oyunlar olur. Açığı, texniki baxımdan çox yaxşı çıxış etmədik. Xüsusən müdafiədə uzunboylu oyunçularımız zəif oynadı. Bir basketbolçumuz zədələnib çıxdı, digəri texniki faul aldı. Bununla belə, basketbolun texniki tərəfi ilə yox, sadəcə, mübarizə aparıb qalib gəldik. Bu, pley-offun 1-ci matçı idi. Heç nə bitməyib.
Rəqib meydanında daha bir matçımız var. Həmin oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bu mövsüm ilk dəfə Gəncəyə oyundan 1 gün əvvəl gedəcəyik. Ehtiyatdan girən Pol Dibal, Tomi Lyuk, Adebayo Oduleye bu oyunda bizə çox xeyir verdi. Bu bir komanda olmağımızın göstəricisidir. Ona görə də bütün oyunçularımla qürur duyuram".
Qeyd edək ki, ikinci görüş aprelin 20-də Gəncə İdman Sarayında baş tutacaq.