Emin İmaməliyev: “Bu qələbə “Qarabağ”a pley-off yolunu açacaq”
21.01.2026 - 16:45
Emin İmaməliyev: “Bu qələbə “Qarabağ”a pley-off yolunu açacaq”

“Çempionlar Liqasında asan oyun yoxdur”

Bu sözləri Apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev deyib.

Veteran futbolçu “Qarabağ” üçün oyunun çətin keçəcəyini vurğulayıb: “Frankfurt” qış fasiləsindən sonra daxili çempionatda artıq iki oyun keçirib. “Qarabağ” isə yalnız yoldaşlıq görüşlərində iştirak edib. Təbii ki, yoldaşlıq oyunları ilə rəsmi matçları müqayisə etmək olmaz. Buna baxmayaraq, bu gün təmsilçimizin qələbə qazanacağını gözləyirəm. Çox ağır oyun olacaq. Çünki hazırda hər iki komandaya pley-offa vəsiqə qazanmaq üçün xal lazımdır. Maraqlı qarşılaşma izləyəcəyik. Lakin üstünlüyü Ağdam təmsilçisində görürəm. Doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə “köhlən atlar” bu duellodan üzüağ çıxa bilərlər".

Emin İmaməliyev təmsilçimizin artıq dünya miqyasında öz sözünü demiş komandalardan birinə çevrildiyini bildirib: “Ümumiyyətlə, “Qarabağ” bütün rəqiblərə hörmətlə yanaşır. Təmsilçimiz Avropada öz sözünü demiş komandaya çevrilib. Rəqibdə baş məşqçi dəyişikliyinin olması onların daha aqressiv və qələbə üçün oynamasına şərait yarada bilər. Hər bir yeni baş məşqçi komandasının ilk oyununda qalib gəlmək istəyir və bu amil “Qarabağ”la matçda da özünü göstərə bilər".

Millimizin sabiq üzvü bu qarşılaşmada favorit tərəfin “Qarabağ” olduğunu dilə gətirib: “Bu oyunda favorit tərəfin “Qarabağ” olduğunu düşünürəm. Ağdam təmsilçisi bu qarşılaşmadan 3 xalla ayrılsa, pley-offa vəsiqə qazanmaq ehtimalı təxminən 80 faiz olacaq".

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də start götürəcək.