Bəzən bir futbol qarşılaşmasının əhəmiyyəti meydanda vurulan qollardan, qazanılan xallardan və yekun nəticədən daha böyük olur. Xankəndi şəhər stadionunda keçirilən “Xankəndi” – “Karvan-Yevlax” matçı da məhz belə hadisələrdən idi. Bu görüşün əsas mahiyyəti hesab tablosunda deyil, böyük futbolun yenidən Xankəndinin gündəlik həyatına qayıtmasında idi.
Əslində, Xankəndi stadionu Azərbaycan futbolu üçün tarixi anlara yad deyil. 2023-cü ilin dekabrında “Qarabağ” və MOİK arasında keçirilən qarşılaşma şəhərdə futbolun qayıdışının ilk rəmzlərindən birinə çevrilmişdi. Ancaq bu dəfə hadisənin başqa bir özəlliyi vardı. Artıq Xankəndinin öz adını daşıyan futbol klubu doğma şəhərində, əsaslı şəkildə yenilənmiş stadionda rəqibini qəbul edirdi.

Stadionun indiki görünüşü isə ayrıca diqqətə layiqdir.
Arenada aparılan əsaslı təmir-bərpa və yenidənqurma işlərinin nəticəsini olduqca uğurlu hesab etmək olar. Stadionun əvvəlki vəziyyəti ilə indiki görünüşü arasında böyük fərq var. Müasir görkəm alan tribunalar, səliqəli oturacaqlar, yenilənmiş futbol meydançası, müasir infrastrukturu və ümumi memarlıq həlli burada görülən işlərin miqyasını nümayiş etdirir.
Ümumilikdə 3,39 hektar ərazini əhatə edən, 8554 tamaşaçı tutumuna malik stadionun UEFA-nın 3-cü kateqoriya standartlarına uyğunlaşdırılması da təsadüfi deyil. Bu, yenidənqurma zamanı yalnız arenanın zahiri görünüşünə deyil, onun funksionallığına və müasir futbolun tələblərinə də xüsusi diqqət ayrıldığını göstərir. Stadionda yaradılan atletika zonaları isə kompleksin imkanlarını daha da genişləndirir.

Xüsusilə arenanın işıqlandırılması və ümumi vizual görünüşü diqqət çəkir. İşıqlandırma sistemi stadionun müasir simasını tamamlayır, tribunaların və meydançanın görünüşünü daha da cəlbedici edir. Axşam saatlarında arenanın işıqlar altında yaratdığı mənzərə şəhərin görüntüsünü daha da gözəlləşdirir.
Stadionun fasadının Zəfər Günü ərəfəsində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması, elektron ekranda üçrəngli bayrağımızın nümayiş etdirilməsi isə bu məkana əlavə rəmzi məna qazandırıb. Xankəndinin mərkəzində Azərbaycan bayrağının rənglərinə bürünən müasir stadionun görüntüsü həm qürurverici, həm də dövlətimizin quruculuq imkanlarını nümayiş etdirən mənzərədir.
Bu gün Xankəndidə belə bir idman infrastrukturunun mövcudluğu Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin növbəti nümunəsidir.
Azərbaycanın verdiyi mesaj aydındır: biz qurucu dövlətik.

Bu mesajı yalnız siyasi bəyanatlarda deyil, görülən işlərin nəticəsində də görmək mümkündür. Qarabağda və Şərqi Zəngəzurda yollar çəkilir, yaşayış məntəqələri bərpa olunur, məktəblər, xəstəxanalar, mədəniyyət və idman obyektləri tikilir. Xankəndi stadionunun yenilənməsi də bu böyük prosesin tərkib hissəsidir.
Azərbaycan dövləti azad edilmiş ərazilərdə yalnız infrastrukturu bərpa etmir, eyni zamanda, normal həyatın bütün sahələrinin inkişafı üçün şərait yaradır. Çünki bir şəhərin dirçəlişi yalnız yeni binaların tikilməsi ilə ölçülmür. Həmin şəhərdə məktəblərin fəaliyyət göstərməsi, mədəni tədbirlərin keçirilməsi, insanların istirahət edə bilməsi, uşaqların idmanla məşğul olması və azarkeşlərin stadionlara toplaşması da bu prosesin ayrılmaz hissəsidir.
Xankəndidə böyük futbolun qayıdışı məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Bu, sadəcə idman hadisəsi deyil. Bu, Azərbaycanın öz ərazilərində həyatın bütün istiqamətlərini inkişaf etdirmək əzminin nümayişidir. Bir vaxtlar münaqişənin izlərini daşıyan şəhərdə bu gün müasir stadion fəaliyyət göstərir, futbol komandası doğma azarkeşləri qarşısında meydana çıxır, tribunalar yenidən futbol həyəcanına şahidlik edir.
Bütün bunların arxasında böyük zəhmət, dövlətin iradəsi və ardıcıl quruculuq siyasəti dayanır.

Matçdan əvvəl yaşananlar hadisənin tarixi əhəmiyyətini daha da artırdı. “Qarabağ Xankəndi”nin sabiq futbolçuları Samir Ələkbərov, Munis Abdullayev və Emin Səfərovun stadionda olması, dövlət himnimizin səsləndirilməsi və qarşılaşmanın şəhid övladının topa toxunuşu ilə başlaması bu görüşə xüsusi məna qazandırdı.
Xüsusilə keçmiş futbolçuların tarixi gündə iştirakı diqqətəlayiq idi. Bir zamanlar Xankəndinin futbol tarixində iz qoymuş insanların illər sonra yenidən bu şəhərin stadionunda görünməsi keçmişlə bu gün arasında mənəvi körpü yaratdı.
Şəhid övladının topa ilk toxunuşu isə günün ən təsirli məqamlarından biri idi. Çünki bu gün Xankəndidə yaşananların, stadionda səslənən Azərbaycan himninin, tribunaları dolduran azarkeşlərin və meydanda mübarizə aparan futbolçuların arxasında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın fədakarlığı dayanır.
Belə bir stadionun istifadəyə verilməsi Xankəndidə futbolun gələcək inkişafı üçün başlanğıc olmalıdır. Yerli futbol məktəblərinin formalaşdırılması, uşaq və yeniyetmələrin idmana cəlb edilməsi, klubun təşkilati baxımdan gücləndirilməsi bu prosesin davamlılığını təmin edə bilər.
Çünki stadionun əsl dəyəri yalnız onun gözəl görünüşündə deyil, illər ərzində yetişdirəcəyi futbolçularda, tribunalarına toplaşacaq azarkeşlərdə və şəhərin idman həyatına verəcəyi töhfədə ölçüləcək.
Bu gün Xankəndidə yaradılan infrastruktur gələcəkdə burada daha böyük futbol qarşılaşmalarının keçirilməsi üçün də imkanlar açır. Əsas məsələ bu potensialdan düzgün istifadə etmək, stadionu şəhərin idman həyatının daimi mərkəzinə çevirməkdir.
“Xankəndi” – “Karvan-Yevlax” görüşünün nəticəsi futbol statistikasında öz yerini tutacaq. Ancaq illər sonra bu matç xatırlananda, yəqin ki, ilk növbədə hesab deyil, yenilənmiş stadionda böyük futbolun qayıdışı yada düşəcək.
Çünki həmin gün meydanda yalnız iki komanda qarşılaşmadı. Həm də Xankəndinin idman həyatında yeni bir səhifə açıldı.

Bu stadion Azərbaycanın nəyə qadir olduğunu göstərən növbəti nümunədir. Dövlətimizin qısa müddətdə həyata keçirdiyi yenidənqurma işləri, yaradılan müasir şərait və şəhərə qaytarılan futbol həyatı bir həqiqəti təsdiqləyir: Azərbaycan öz torpaqlarında yalnız keçmişin izlərini bərpa etmir, həm də gələcəyi qurur.
Ən əsası isə Xankəndi stadionunda yanan işıqlar artıq sadəcə futbol meydançasını deyil, yenidən qurulan və canlanan bir şəhərin gələcəyini işıqlandırır.