Şahin Diniyev: “Klublar qazanır, amma milli itirə bilər”
17.07.2026 - 14:58
Şahin Diniyev: “Klublar qazanır, amma milli itirə bilər”

"Komandalarımızı həm nəticə, həm də oyun baxımından təbrik edirəm".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis təmsilçilərimizin ilk təsnifat mərhələsində uğurlu çıxış etdiyini bildirib: “Hər üç təmsilçimiz keyfiyyət və səviyyə baxımından rəqiblərindən üstün idi və bunu meydanda da sübut etdilər. Həm səfər, həm də ev oyunlarına ciddi yanaşdılar. Sevindirici haldır ki, Azərbaycan klubları ilk mərhələdə keçirdiyi 6 oyunun hamısında qələbə qazandı. Top fərqi də çox yaxşıdır – 16:1. Bu, komandalarımızın səviyyəsini göstərir. İkinci mərhələdə də bütün komandalarımıza uğurlar arzulayıram”.

Şahin Diniyev bütün Azərbaycan klublarının qrup mərhələsinə yüksəlməsinin çətin olacağını vurğulayıb: “Dörd klubumuzun da qrup mərhələsinə yüksəlməsi asan məsələ deyil. Hesab edirəm ki, iki komandamız qrup mərhələsinə vəsiqə qazansa, bunu uğurlu nəticə hesab etmək olar”.

Mütəxəssis yerli futbolçuların az oyun praktikası qazanmasının milli komanda üçün təhlükə yaratdığını da qeyd edib: “Yerli futbolçuların vəziyyəti hələ də ağrılı mövzudur. Bu, klublara müəyyən mənada xeyir versə də, milli komanda üçün oyun praktikası və təcrübə baxımından böyük təhlükədir. Bu gün yerli futbolçuların az oynaması Azərbaycan futbolu üçün ciddi zərbədir. Bunu dəfələrlə demişəm və yenə təkrar edirəm – gələcəkdə milli komandanı bu baxımdan böyük problemlər gözləyir”.