
Bu gün “Fənərbaxça”nın İdarə Heyətinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, “Faruk İlqaz” adına təlim-məşq kompleksində baş tutan tədbirdə “sarı-lacivərdlilər”in sabiq prezidenti Aziz Yıldırım və hazırkı prezident Ali Koç iştirak ediblər.
İclasda “Fənərbaxça”nın borc yükü ilə bağlı məlumat verilib. Açıqlamaya əsasən, son 7 ildə klubun borcu 347 milyon avrodan 69 milyon avroya qədər azaldılıb.
“Fənərbaxça”nın baş katibi Burak Kızılhan stadionun yeni adını da açıqlayıb: “Stadionun adı ‘Chobani Stadionu Şükrü Saracoğlu İdman Kompleksi’ olacaq. Bu, Türkiyə futbol tarixində imzalanmış ən böyük sponsorluq müqaviləsidir və bunu böyük qürurla elan edirik”.
Həmçinin İdarə Heyəti, vaxtından əvvəl keçirilməsi planlaşdırılan prezident seçkiləri ilə bağlı üzvlərdən ümumilikdə 9 min 954 imzanın toplandığını, onlardan 8 min 468-nin etibarlı sayıldığını bildirib.
İmzalarla bağlı məlumat verildiyi zaman iclas salonunda mübahisə baş verib. Üzvlər ayağa qalxıb, sakitlik çağırışları edilib. Gərginlikdən sonra Ali Koç və sabiq prezident Aziz Yıldırım bir araya gələrək söhbət aparıblar.
Fasilədən dərhal sonra İstanbul klubunun keçmiş prezidenti Aziz Yıldırım bir sıra açıqlamalar verib.
Yıldırım hazırkı rəhbərliyə iradını bildirib: “20 il ərzində idarə heyətinin iclası heç vaxt icraiyyə komitəsinin hesabatı olmadan keçirilməyib. Ali bəyin 7 illik prezidentliyində bu ikinci dəfə baş verir. Mənə deyir ki, "Qalatasaray barədə danışmadın". Mən onların prezidentinə ‘sinek ikili’ demişəm, daha nə deyim? Biz bu gün 10 il geri düşmüşük. Belə davam etsə, gələn il eyni sözləri yenə deyəcəyəm".
Keçmiş prezident maliyyə iddialarına sərt cavab verib: "Mənim 612 milyon avro borc qoyduğumu deyən şərəfsizdir. Əgər qoymuşamsa, mən şərəfsizəm. Oturduğunuz bu yerləri, Samandıra və Dereağzı təlim bazalarını mən tikdirmişəm. Amma mənsə ibra edilməmişəm".
Yıldırım həmçinin sentyabrda keçirilməsi planlaşdırılan növbədənkənar konqrenin kluba zərər verəcəyini deyib: “İstər siz qazanın, istər başqa biri, fərq etməz – bu camia zərər görəcək. Bunu bir daha nəzərdən keçirin”.
Yıldırım çıxışında gənc nəslin Fənərbaxçaya marağının azaldığını da bildirib: “Artıq uşaqlar Fənərbaxçalı olmur. Formalarına Osimhen yazdırırlar. Bir tanışımın övladı üçün Fənərbaxça forması alıb, uşaq arxasına 45 nömrə yazdırmaq istəyib. Niyə? Çünki Osimhen "Qalatasaray" həmin nömrə ilə çıxış edir". Qalatasaray haqqında danışmaq istəmirəm, amma onlara 6:0 hesabı ilə qalib gəlmiş komandanın prezidentiyəm”.