Ötən gün Misli Premyer Liqasının XXVI turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu "Sumqayıt" - "Neftçi" matçına şahidlik etdi. Son 9 oyunda qələbə qazana bilməyən gənclik şəhərinin təmsilçisi ümidini bəlkə də bu oyuna bağlamışdı. Məlumumuzdur ki, sumqayıtlıların gözü həmişə "Neftçi"ni "yeyib". Komanda qara zolağa düşən kimi araya salıb "Neftçi"ni udur, motivasiya qazanıb yüksəlişə keçirdi. Bu dəfə o da olmadı. Bakılılar 1 qollarının da ləğv edildiyi oyunda 3:1-lik inamlı qələbə qazanaraq Sumqayıt şəhərini 3 xalla tərk etdilər. Bu gün isə biz artıq deyirik: "Sumqayıt" 10 oyundur ki, qələbə qazana bilmir...
Görünən odur ki, kimyaçıların serbiyalı baş məşqçisi Saşa İliçin Sumqayıt şəhərində son aylarıdır. Çox güman, kirayə qaldığı evin sahibiylə də danışılıb, "yavaş-yavaş yerimə adam axtar" deyilib. Zənnimcə, elə klubdakı yeri üçün də axtarışlar astaca başlayıb. Mütəxəssisin ağlı burda deyil, maya da tutmadı, yayda 99 faiz gedəcək. Riad Rəfiyevin bir çox şeyini bəyənməsək, tənqid etsək də, vizyonsuz adam deyil. Hədəfi, məqsədi həmişə ən pikdi. Davamlı avrokubok, dolu stadion, şən futbol görmək istəyir. İnsafən, futboldan da başı çıxan adamdı. İndiki məqamda isə bütün oxlar ona çevrilib. Məşqçi pisdir - dəyişək. Onu göndər, bunu gətir, bunu göndər, onu gətir. Bəyin oğurlanmasında deyilən kimi, adam nə qədər evlənib boşanar?!
Demək ki, bəzi məsələləri artıq rəhbərlik düşünməlidir: Nəyi səhv edirəm, harda yanlış qərar verirəm? Yoxsa belə potensial böyükdür. Gözəl şəhər, əla stadion, futbolu bilən və sevən əhali. Bu insanlar daha yaxşı komandaya layiqdirlər. Bunu onlara verməyə, sevinc yaşatmağa klub rəhbərliyi borcludur. Sonra ağlaşma qurmayaq ki, millət stadiona gəlmir. Onları stadiona “dartacaq” səbəb lazımdır. Riad Rəfiyev o səbəbi yaradacaq komanda qurmalıdır, yenidən, 2 il əvvəl olduğu kimi. Və uzunmüddətli strategiya ilə, planla onu qoruyub saxlamalıdır. İndiki məqamda isə komanda batır, şəhər yatır, səsini də çıxartmır. Sanki belə də olmalıdır. Bir Sumqayıt təəssübkeşi kimi deyim ki, belə olmalı deyil. Sumqayıtın futbol komandası bu şəhərin rəmzlərindən birinə çevrilməlidir. Şəhərin bütün əhvalına birbaşa təsir edəcək komanda qurulmalıdır. Klubun şəhərdə tanıdılması istiqamətində də ciddi işlər görülməlidir. Çayxanadakı dayılardan bazardakı satıcılara, müştərilərə qədər hamı oyun günü nə vaxtdır – bilməlidir. Bu məsələni ayrıca yazı yazıb, danışarıq. İndi keçək Neftçiyə...
“Flaqman” cəbhəsində üzlər gülür, yazın gəlişilə ümidlər də tumurcuqlanıb. “Ağ-qaralar” son 3 matçda qazandığı 9 xalla birdən-birə 4-cü pilləyə “göz vurur”, avrokubok planları qurur. Samir Abasovun fitilini alovlandırdığı özünəinamı, komanda oyununu Vernidub yaxşı şaxələndirib. Gedişatın yaxşıya doğru dəyişməsiylə rəhbərlik də bir az nəfəs almağa, rahat yatmağa fürsət tapıb. “Neftçi”nin mahiyyəti budur. “Neftçi” yaxşıdırsa, çox böyük bir kütlənin əhvalı da yaxşı olur. Azarkeşlər yeni günə pozitiv başlayır, dünya adamın gözünə bir başqa gözəl, rəngli görsənir. “Neftçi”yə və azarkeşlərinə çempionluqlar, uğurlar, nailiyyətlər həqiqətən çox yaraşır. Turnir cədvəlinin zirvələrində “Neftçi” adını görməyəndə ölkə çempionatı adamın gözünə sönük görünür. Məncə, hazırda istənilən futbol izləyicisi “Neftçi”nin qayıtmasını, dirçəlməsini sidq ürəkdən istəyir. Elə görünən də odur ki, “Neftçi” qayıdır. Amma və lakin mövsüm başa çatır...
- "Neftçi" azarkeşləri üçün pulsuz elektrokardioqramma - Təklif
- Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə
- Ceyhun Sultanov: “Günah Eddidə yox, onu meydana buraxan məşqçidədir” - Müsahibə
- Bədavi Hüseynov: "De Byaziyə təşəkkür etmək istəyirəm"
- Ramin Musayev nağılları: Futbol yaddaşı silgi ilə pozulmur