Neymar Braziliya A Seriyasında “Santos”un daha bir məğlubiyyətdən qaçmasına kömək edə bilməyib. “Ağ-qaralar” səfərdə “Flamenqo”ya 2:3 hesabı ilə uduzub. 33 yaşlı hücumçu 86-cı dəqiqədə əvəzlənib.
Apasport.az “The Touchline”a istinadən xəbər verir ki, məhz həmin an meydan sahibi komandanın azarkeşləri Neymara qarşı hörmətsizlik nümayiş etdiriblər.
Tribunalar onu fitə basıb, ünvanına təhqiramiz ifadələr səsləndiriblər. “Flamenqo” fanatları hətta onun komandasını mümkün B liqasına düşməklə ələ salıblar.
Bu görüş Neymarın təxminən iki aylıq fasilədən sonra start heyətində ilk çıxışı olub. O, yaxınlarda bud əzələsindəki zədəsini sağaldıb.
“Santos” hazırda 32 turdan sonra 33 xal toplayaraq, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.