DÇ-2026: DÜNYA FUTBOLUNDA İLKLƏR
03.06.2026 - 17:42
DÇ-2026: DÜNYA FUTBOLUNDA İLKLƏR

Milyardlarla insanın maraqla gözlədiyi, dünyanın ən böyük idman turniri olan mundiala 8 gün qaldı. 

Tarixin 23-cü dünya çempionatı Meksikada 3-cü, ABŞ-də 2-ci dəfə keçiriləcək. Turnir bir sıra ilklərlə əlamətdar olacaq. 

1930-cu ildən keçirilən mundiala Kanada ilk dəfə ev sahibliyi edəcək. Həmçinin yarış üç ölkədə keçirilən ilk dünya çempionatı kimi tarixə düşəcək. İştirakçı komanda sayı olan 48 də yarışın mütləq rekordudur. 

Daha maraqlısı isə futbolda baş verəcək qərar dəyişiklikləridir. FIFA tərtib etdiyi yeni qaydaları ilk dəfə DÇ-2026-da sınaqdan keçirəcək.

“Apasport” yeni qaydaları təqdim edir:

AUT GERİSAYIMI

Top meydanı yan xəttdən tərk etdikdən sonra futbolçulara oyunun bərpası üçün cəmi 5 saniyə veriləcək. Oyunçular bilərəkdən vaxt itirərsə, top rəqib komandaya keçəcək.

QAPIDAN ZƏRBƏ GERİSAYIMI

Qapıdan zərbə zamanı oyun 5 saniyə ərzində bərpa edilməlidir. Qapıçılar (və ya oyunçular) bunu bilərəkdən gecikdirərsə, rəqibin lehinə küncdən zərbə qərarı veriləcək.

ƏVƏZETMƏLƏRDƏ VAXT İTKİSİ

Əvəzetmə zamanı meydanı tərk etməli olan futbolçu 10 saniyə ərzində yan xəttdən kənara keçməlidir. Əks halda əvəzetmə 1 dəqiqə gec baş tutacaq və komanda 10 nəfərlə çıxış edəcək.

ZƏDƏLƏRDƏ ZAMAN İTKİSİ

Zədələnən və müalicəsi meydandan kənarda davam etdirilən futbolçu ən azı 1 dəqiqə oyuna daxil ola bilməz (qapıçı zədələri istisnadır).

MÜNAQİŞƏLƏRDƏ AĞIZ BAĞLAMAQ

Rəqiblə münaqişə zamanı əli ilə ağzını bağlayan futbolçular cəzalandırılacaq. Nə dediyi bəlli olmayan oyunçulara qırmızı vərəqə göstərilə bilər.

VAR QAYDALARI

VAR-la bağlı da yeni qaydalar tətbiq olunacaq. Video köməkçi hakim künc zərbələri və ikinci sari vərəqələrə də müdaxilə edə biləcək.