De Byazi: “Qarabağ”ın maraqlı futbolçuları var"
24.11.2025 - 15:56
De Byazi: “Qarabağ”ın maraqlı futbolçuları var"

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi Çempionlar Liqasında keçiriləcək “Napoli” – “Qarabağ” oyunu haqda fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, mütəxəssis İtaliya mətbuatına müsahibəsində bunları deyib:

“Qarabağ”ın maraqlı futbolçuları var. Düzdür, dünya ulduzu deyillər, amma istənilən komandaya problem yarada biləcək səviyyədədirlər. Builki transferlərlə daha yüksək keyfiyyət tapıblar. İndi əvvəlkindən daha güclü və kompaktdırlar. Onların çıxışı məni təəccübləndirmir. Çempionatda rəqibləri yoxdur, Çempionlar Liqası da onların digər hədəfidir. Həm də bu turnirdən yaxşı maliyyə toplamaq niyyətindədirlər.

“Qarabağ”ın iki heyəti var: biri Liqa, biri Çempionlar Liqası üçün. Artıq neçə ildir, çempionatda dominantlıq edirlər. Faktiki olaraq hər il çempion olurlar. Son illər yalnız bir dəfə çempionluğu əldən verdilər. Kluba çox sərmayə qoyurlar, amma gəlirləri çox azdır. Çünki yerli çempionatı demək olar ki, heç kim izləmir”.

Qeyd edək ki, noyabrın 26-da keçiriləcək “Napoli” – “Qarabağ” oyununa saat 00:00-da start veriləcək.