“Qalatasaray” prezidenti Dursun Özbek futbolçuları Eren Elmalı və Metehan Baltacının mərc oyunları oynadıqlarına dair ittihamlara münasibət bildirib.
Apasport.az xəbər verir ki, klub rəhbəri məsələ ilə bağlı açıqlamasında gənc oyunçuların vəziyyətinin fərqli qiymətləndirilməli olduğunu vurğulayıb:
“Futbolçularla əlbəttə ki, görüşürük. "Qalatasaray" Türkiyə futbolunun təmiz və şəffaf olması üçün hər cür fəaliyyəti dəstəkləyir. Bu mövqeyimizi əvvəllər də bildirmişdik, dünən isə yayımladığımız bəyanatla bir daha möhkəmləndirdik.
Çox illər əvvəl, məsələn 4-5 il əvvəl mərc oyunlarında iştirak etmiş bir futbolçu ilə 1-2 həftə əvvəl bu işi görən şəxslər eyni tərəziyə qoyulmamalıdır. Gənc oyunçular o dövrdə bəlkə də nə etdiklərinin fərqində olmadan, bilmədən səhv etmiş ola bilərlər.
Üstəlik, mərc məsələsində vacib olan məqamlardan biri də budur ki, həmin futbolçu öz komandasına qarşı mərc oynayıb, yoxsa tamam başqa liqalarda, voleybol və ya basketbol kimi fərqli idman növlərinə? Bu da ayrıca nəzərə alınmalıdır”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb. Eren Elmalı və Metehan Baltacının adları da həmin siyahıda yer alıb.