"Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür
25.09.2025 - 15:46
"Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür

Avropa Liqasında ötən gecə ilk oyununa çıxan "Fənərbaxça" Xorvatiya "Dinamo"suna məğlub olub: 1:3.

Apasport.az xəbər verir ki, Fənərbaxça prezidenti Sadettin Saran Zaqreb səfərindən dönüşdə baş məşqçi Domeniko Tedesko və futbol əməliyyatları üzrə məsul şəxs Devin Özeklə iclas keçirəcək.

Görüşdə komandanın cari vəziyyəti, yaxınmüddətli planlar, həmçinin texniki heyətin strukturu və veriləcək mümkün qərarlar müzakirə ediləcək.

Klubdakı idarəetmə və infrastrukturla bağlı addımların da gündəmdə olacağı gözlənilir. Toplantının nəticələrinə dair rəsmi açıqlamanın yaxın vaxtlarda yayımlanacağı bildirilir.

Qeyd edək ki, Türkiyə mətbuatında Tedesko və Devin Özeklə yolların ayrılacağı iddia olunur. Müvafiq postlara isə Aykut Kocaman və Volkan Demirel gətirilə bilər. Xəbərə görə, Sadettin Saran artıq Volkan Demirellə görüşüb və ona rəhbər heyətdə vəzifə təklif edib.