
Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə 2:2 hesabı ilə başa çatan oyundan sonra hakimləri tənqid edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis hesab edir ki, İslandiya yığmasının ilk qolunda qayda pozuntusu olub:
“Biz oyunun gedişatını yaxşı idarə edirdik. Birinci qolda Fofana Koneyə qarşı açıq-aşkar qayda pozuntusu vardı. Bəzən elə olur ki, hakimlər sanki yatırlar. Kiçik epizodlarda da qərarlar mübahisəli idi, bəlkə də, meydandakı atmosfer onlara təsir etdi. Amma o qol sayılmamalı idi”.
Deşam əsas hədəfin hələ də dəyişmədiyini vurğulayıb:
“Bizim məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Hər oyunda qalib gəlmək üçün əlimizdən gələni edirik. Rəqiblər güclüdür, amma bu da futbolun gözəlliyidir. Siz, media nümayəndələri, intriqadan şikayətlənə bilməzsiz”.
Fransa millisi Azərbaycan yığması ilə eyni qrupdadır. Bir neçə gün əvvəl Parisdə keçirilən matçda fransızlar 3:0 hesablı qələbə qazanmışdılar.