İkardidən ayrılıq siqnalı: "Qalatasaray"dan gedir?
16.05.2026 - 20:47
İkardidən ayrılıq siqnalı: "Qalatasaray"dan gedir?

“Qalatasaray”ın hücumçusu Mauro İkardi sosial media hesabında paylaşım edərək kluba və azarkeşlərə təşəkkür edib.

Apasport.az xəbər verir ki, argentinalı hücumçu İstanbulda keçirdiyi illəri həyatının ən gözəl dövrlərindən biri adlandırıb.

Təcrübəli forvard paylaşımında bunları qeyd edib:

“Dörd il əvvəl buraya gələndə həyatın məni ömrüm boyu yaşayacağım ən gözəl hekayələrdən birinə aparacağını bilmirdim.

Bu gün anlayıram ki, bu, sadəcə futbol deyildi. Heç vaxt yalnız futbol olmadı. Stadionun gurultusu, İstanbulun işıqları, tribunlardan yüksələn nəğmələr və milyonlarla insanın sevgisi arasında, öz evimdən çox uzaqda özümə yeni bir yuva tapmışdım.

Dörd il keçdi. Dörd çempionluq, minlərlə qucaqlaşma, milyonlarla xatirə…

Amma ən dəyərlisi kuboklar deyildi. Ən önəmlisi bütöv bir ölkənin mənə qəlbini açdığını hiss etmək idi. Çünki bəzi yerlər var ki, insanın daxilində sonsuza qədər yaşayır.

Türkiyə mənim üçün məhz belə olacaq — silinməsi mümkün olmayan bir xatirə, zamanın toxuna bilməyəcəyi bir sevgi.

Elə gecələr oldu ki, sanki dünya 90 dəqiqəlik dayanırdı. Bütün stadion bir ağızdan mahnı oxuyarkən bunun futboldan daha böyük bir şey olduğunu anlayırdım. Uşaqların gözlərindəki xoşbəxtliyi, məni illərdir tanıyırmış kimi qucaqlayan insanların göz yaşlarını gördüm. Elə böyük sevgi hiss etdim ki, bunu sözlərlə ifadə etmək mümkün deyil.

Təşəkkürlər, “Qalatasaray”. Məni bu hekayənin bir parçasına çevirdiyin üçün təşəkkür edirəm. Mənə sevildiyimi, hörmət gördüyümü və özümü ölümsüz hiss etdirdiyin üçün minnətdaram.

Bəlkə bir gün işıqlar sönəcək, oyunlar bitəcək və zaman keçəcək. Amma bəzi sevgilərdə vidalaşmaq olmur. İllər sonra geriyə baxanda, bu möhtəşəm torpaqlarda həqiqətən çox xoşbəxt olduğumu bilib, dolu bir qəlblə gülümsəyəcəyəm”.

Qeyd edək ki, bəzi azarkeşlər və futbol ictimaiyyəti İkardinin bu paylaşımını onun “Qalatasaray”la vida mesajı kimi qiymətləndirir.