Salah Trabzon yolunda: Ailəsiylə məsləhətləşir
01.08.2026 - 16:58
Salah Trabzon yolunda: Ailəsiylə məsləhətləşir

Türkiyənin "Trabzonspor" klubu Məhəmməd Salahın transferini reallaşdırmağa yaxındır.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin iddiasına görə, Qara dəniz təmsilçisi misirli ulduza illik 17 milyon avro maaş nəzərdə tutan 2 illik müqavilə təklif edib.

Bildirilir ki, Salah bu dəfə forma satışından pay tələb etməyib.

Transfer təklifinə müsbət yanaşan 34 yaşlı hücumçu yekun qərar verməzdən əvvəl ailəsi ilə məsləhətləşmək istəyir. 

Salaha Türkiyənin digər təmsilçisi "Beşiktaş" da təklif göndərmişdi. Lakin misirli futbolçunun çoxsaylı tələbləri keçidin baş tutmasına mane olmuşdu. 

Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm İngiltərənin "Liverpul" klubunun heyətində bütün turnirlərdə 51 oyuna çıxaraq 34 qol vurub və 24 məhsuldar ötürmə verib. Onun mersisaydlılarla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.