Azərbaycanın kamandan oxatanları Dünya Kubokunda uğursuzluğa düçar olublar
17.04.2008 - 13:08
Bakı. Aqşin Əliyev - APA-Sport. Xorvatiyanın Porek şəhərində kamandan oxatma üzrə kişilər və qadınlar arasında Dünya Kuboku start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın 5 idmançısı - Emil Akçurin, Elçin Babayev, Roman Vengerov, Svetlana Simonova və Səidə Orucova qüvvəsini sınayıb. Fərdi yarışlarda ən yaxşı nəticəyə E.Akçurin imza atıb. 72 ox atan idmançı 616 xal toplayaraq, 95-ci pillədə qərarlaşıb. E.Babayev və R.Vengerov müvafiq olaraq, 584 xalla 113-cü və 582 xalla 114-cü yeri tutub. Eyni zamanda, xanım oxatanlarımız da zəif çıxış ediblər. Hesabına 525 xal yazdıran Svetlana Simonova 102-ci yerlə kifayətlənib. Səidə Orucova 355 xalla sonuncu, 107-ci sırada qalıb. Fərdi mübarizədə heç bir təmsilçimiz ilk “64-lüy”ə düşə bilmədiyindən final mərhələsinə adlamağı bacarmayıb. İdmançılarımız komanda yarışında da uğursuzluğa düçar olublar. Emil Akçurin, Elçin Babayev və Roman Vengerovdan ibarət Azərbaycan yığması 1779 xal yığaraq, sonuncu, 28-ci pillədə yer alıb. Tam heyət formalaşmadığı üçün qadınlardan ibarət komandalar arasında ölkəmiz təmsil olunmayıb. Beləliklə, Dünya Kubokunun aprelin 19-dək davam edəcəyinə baxmayaraq, oxatanlarımızın hamısı mübarizəni erkən dayandırıblar.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0