Azərbaycan cüdoçuları Superkubokda mübarizə aparmaq üçün Rusiyaya yollanıblar
22.05.2008 - 14:52
Bakı. Aqşin Əliyev - APA-Sport. Cüdo üzrə Azərbaycan milli komandası super kateqoriyalı Dünya Kubokuna qatılmaq üçün bu gün Rusiyanın paytaxtı Moskvaya yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, səfərə 9 idmançı aparılıb. Heyətdə Ramil Qasımov (66 kq), Elnur Məmmədli, Elxan Rəcəbli (hər ikisi 81 kq), Mehman Əzizov, Elxan Məmmədov (hər ikisi 90 kq), Mövlud Mirəliyev (100 kq), eləcə də Kifayət Qasımova, Ramilə Usubova (hər ikisi 63 kq) və Gözəl Zutova (70 kq) yer alıb. Siyahıdan göründüyü kimi, bəzi cüdoçular adətən güləşdikləri çəki deyil, daha ağır çəki dərəcələrində yarışacaqlar. Məşqçi korpusu Pekin Olimpiadası öncəsi yığma üzvlərinin çəki salmamaları üçün belə qərar qəbul edib. Yeri gəlmişkən, Moskvaya baş məşqçilər Ağayar Axundzadə, İbadulla Şabanov və məşqçi Hacıağa Hacıəhmədov gediblər. Superkubok mayın 23-24-də “Meqasfera” idman zalında baş tutacaq. Yarışın püşkü bu gün axşam atılacaq. Mayın 25-də isə eyni məkanda milli komandalar arasında Avropa çempionatı keçiriləcək ki, tam heyət formalaşmadığından burada Azərbaycan iştirak etməyəcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0