“Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir”
06.09.2026 - 23:28
“Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir”

Misli Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edən "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.

Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini bildirib:

"Futbolçularımı təbrik edirəm. Gərgin oyun keçdi. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə də bizə sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm".

- 2 qol buraxmaq müdafiədə narahatçılığa əsas verirmi? 
- Deməzdim. İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Əlbəttə ki, bu təhlükəlidir. Bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq bəlkə də, məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq. 

- Koxalskinin gedişi barədə düşüncələriniz? 
- Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi. Bu oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram.