Olimpiada...
04.09.2008 - 16:50
Olimpiada...
Sərlövhəyə baxıb, yanlış yazdığımı düşünməyin. Çünki bu yazıda tarixin yaddaşına köçən olimpiada analiz olunub. Tarix: 2008-ci il; Məkan: Pekin. Çin paytaxtında Türkiyənin şərəfini 20 kişi və 48 qadın idmançı qoruyur. Bütün ümidlər güləş və ağırlıqqaldırma növündə yarışan atletlərə bağlanılıb. Ancaq günlər ötdükcə, türkiyəli idmançılar bir-bir məğlubiyyət acısı dadırlar. Xəyalım ötən illərə qayıdır və yadıma Naim Süleymanoğlu düşür. Tarix: 1992-ci il; Məkan: Barselona. Şərhçi “haydı” deyə həyəcanını gizlədə bilmir və Naim 190 kiloqramı başının üzərinə qaldırır. Həmin il Hamza Yerlikaya da podiumda bacarığını göstərmişdi və dünya çempionu olmuşdu. Ay-ulduzlu bayrağımız havada dalğalanır, hamımız qürur duyuruq... Lakin Pekin Yay Olimpiya Oyunlarında Türkiyə komandasının qazandığı medalların ümumi sayı bir amerikalı idmançının göstəricisindən aşağıdır. Yəqin ki, kimi nəzərdə tutduğumu anladınız. Əlbəttə, söhbət dünya rekordçusu və Pekindən 8 qızıl medal aparan Maykl Felpsdən gedir. O, 68 türkiyəli idmançının bacarmadığını təkbaşına etdi.
Görəsən, nəyə görə çoxmilyonlu ölkənin idmançıları uğursuzluğa düçar oldular? Səbəbi məlumdur. Bu ölkədə idman dedikdə, öncə ağıla futbol və basketbol gəlirsə, elə bu iki növ inkişaf etdirilir. Qalan növlər isə ehhh... Türkiyənin idman naziri Murat Başeskioğlu deyir ki, “əlimizdən gələni edəcəyik”. Nə edəcəklər ki? Nazir federasiya prezidentlərini tənqid edəcək, yoxsa papağını qabağına qoyub düşündükdən sonra harada və hansı səhvlər buraxıldığını soruşacaq? İdmançılar olimpiadaya hansı göstəricilərinə əsasən aparılıblar? Avropada nəyə diqqət yetirildiyini öyrənmək lazımdır. Və dərhal federasiya prezidentləri ilə görüşüb, problemləri həll etmək vacibdir.
Olan oldu, keçən keçdi. Qarşıda 2012-ci il London Yay Olimpiya Oyunları var. İnşallah, növbəti olimpiadada Türkiyə bayrağını dalğalandıran idmançı tapılar. Əslində, bu, bir o qədər də çətin vəzifə deyil. Sponsorların dəstəyi ilə əcnəbi futbolçuların transferinə xərclənən pullar bir az da Türkiyənin milli növlərində yarışan idmançılara sərf olunsa, onlara maddi və mənəvi kömək göstərilsə kifayətdir. Nəticədə ehtiyat qüvvəyə verilən dəstək artar, bu sahədə təkmilləşmə gedər və məktəblərdə bədən tərbiyəsi fənninin tədrisinə ayrılan dərs saatları çoxaldılar. Bu halda qarşıya qoyulan işin öhdəsindən daha asan gəlmək mümkündür. İstənilən halda, Türkiyədə fərdi və komanda idman növlərində qazanılan uğurları artırmaq üçün uzunmüddətli planların həyata keçirilməsinə ehtiyac var.