Azərbaycanlı dünya çempionu: tamam, yoxsa davam?
27.01.2009 - 11:49
Azərbaycanlı dünya çempionu: tamam, yoxsa davam?
“Niyaməddin Paşayev, Rəşad Əhmədov və Elnur Amanov obyektiv səbəblərdən üzündən milli çempionatı buraxıblar. Onların hər üçünün səhhətində problem var”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın taekvondo üzrə milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

Təcrübəli çalışdırıcı 23-25 yanvar aralığında keçirilmiş ölkə birinciliyinə qatılmayan taekvondoçular arasında Niyaməddin Paşayevin vəziyyətinin ürəkaçan olmadığını bildirib. Belə ki, dünya çempionumuzun karyerasını davam etdirib-etdirməyəcəyi sual altındadır: “Niyaməddinin diz qapağında problemi var idi. Bu yaxınlarda isə kor bağırsağından cərrahiyyə əməliyyatı olunub. O, minimum yarım il döyüşə bilməyəcək. Ola bilər ki, Paşayev ümumiyyətlə idmançı karyerasnı bitirsin”.

Qeyd edək ki, Niyaməddin Paşayev dünya çempionu olmaqla yanaşı, iki dəfə Avropa birinciliyinin qızıl medalını qazanıb.