Azərbaycan karateçisi Rafael Ağayev Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
Apasport.az saytının məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançı Zalsburqda Karate1 Premyer Liqa turnirində 2 qələbə qazanmaqla, bu hüquqa yiyələnib.
Olimpiya reytinq xallarını 6795-ə çatdıran karateçi ən yaxın izləyiciləri Tomas Skott (ABŞ, 5017,50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957,50) kifayət qədər qabaqlayır. Bu da onun Tokio-2020-də iştirakını təmin edib. Çünki Avropa idmançıları üçün qarşıda lisenziya xalları verən 2 yarış və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə verəcək təsnifat turniri qalıb. Bu səbəbdən də Ağayev digərləri üçün əlçatmaz olub.
Bu vəsiqə karateçilərimizin ikinci lisenziyası olubsa, yığmamızda 14-cüdür. Ağayevədək bu idman növündə İrina Zaretska (+61 kq), həmçinin idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, güləşçilər Mariya Stadnik (50 kq), Şərif Şərifov (97 kq) və taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) də Tokio-2020-yə lisenziyaya sahib olub. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.
Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib